İyirminci əsrin ən qanlı cinayətlərindən biri olan Xocalı soyqırımının törədilməsindən 30 il keçir. Bu qətliam təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı cinayət, insanlığa qarşı təhqir, vəhşi vandalizm, terror aktıdır.
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərdən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb ki, onların 150 nəfərinin taleyi indiyə kimi məlum deyil.
Qanlı soyqırımına ilk dəfə hüquqi qiymət məhz ulu öndər Heydər Əliyev tərəfindən verilib. Ümummilli liderin 1994-cü il fevralın 24-də imzaladığı fərmanla 26 fevral xalqımıza qarşı törədilən soyqırımı aktı kimi qeyd edilməyə, lokal məkandan çıxaraq beynəlxalq səviyyədə tanınmağa başlanıb. Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətinin yetərincə məlumat alması məqsədilə xaricdə yaşayan soydaşlarımız bu işə cəlb olunub.
Erməni təcavüzü, onun işğalçılıq siyasəti, Azərbaycan xalqına qarşı törətdiyi vəhşilik, dünyaya naməlum qalan çox həqiqətlərin üstünə işıq salıb.
Xocalı soyqırımının 30-cu ili dövlət səviyyəsində bir sıra tədbirlərin keçirilməsi ilə qeyd olundu. Prezident İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbirlərin keçirilməsi haqqında imzaladığı sərəncama əsasən, Prezident Administrasiyasına Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbirlər planı hazırlayıb onun həyata keçirilməsini təmin etmək tapşırılmışdı.
“Xocalı həftəsi” təkcə ölkə ərazisində deyil, Azərbaycan diasporunun dəstəyi ilə xarici ölkələrdə də yüksək səviyyədə qeyd edildi. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi nəticəsində dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbirlər keçirilib.
Xarici ölkələrdəki Azərbaycan səfirlikləri və ölkəmizdən kənarda fəaliyyət göstərən diaspor təşkilatlarının iştirakı ilə Niderlandda, Almaniyada, Polşada, Moldovada, Misirdə, Türkiyədə, Gürcüstanda, İtaliyada və eləcə də digər ölkələrdə Xocalı soyqırımının 30-cu ildönümü anıldı.
Stokholm şəhərində məşhur isveçli fotoqraf Mikael Silkebergin Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş fotosərgisinin açılış mərasimi baş tutdu. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycanın İsveçdəki səfirliyinin iştirakı ilə mərasim şəhərin Stadsholmen adasında yerləşən məşhur Qamla-Standakı qalereyaların birində keçirildi. Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov, Azərbaycanın İsveçdəki fövqəladə və səlahiyyətli səfiri Zaur Əhmədov, Türkiyənin və Pakistanın bu ölkədəki səfirləri, Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak etdilər.
Gürcüstanın Tbilisi şəhərində də Xocalı qurbanları anıldı. Burada fəaliyyət göstərən "Alyans" Gənclər Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir oldu.
Tədbirdən öncə Mərkəzin müəllim və tələbə kollektivi Tbilisinin Azadlıq meydanından Parlament önünə qədər şəhər sakinlərinə və turistlərə məlumatlandırıcı bukletlər və şəhidlərin rəmzi qərənfillər paylanıldı. Tbilisidə faciəyə həsr olunmuş "Ümid ışığı" filmi də izlənilib.
Qardaş Türkiyənin bir çox şəhərlərində, o cümlədən İğdır şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası və “İğdır Azərbaycan Evi” Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirdə yerli dövlət qurumlarının və ictimaiyyətin nümayəndələri, tələbələr iştirak ediblər. Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş etdirilib. Filmin nümayişindən sonra gənclər “Xocalıya ədalət!” şüarını səsləndiriblər.
Xarici ölkələrdə Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilən tədbirlər bununla da yekunlaşmayıb. London şəhərində yaşayan soydaşlarımız Xocalı soyqırımı qurbanlarına ithaf etdikləri “Chiquilin de Bachin” əsərinin videoklipini təqdim ediblər.
Xocalı soyqırmının 30-cu ildönümü ərəfəsində lentə alınmış klipdə əsəri Səadət Fərziyeva (piano), Rasim Fərziyev (kamança) və Tereza Mostallino (kamança) ifa ediblər. Videoklipdə 613 Xocalı qurbanının fotosu və Xocalı soyqırımı barədə qısa məlumat da yerləşdirilib.
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Finlandiyanın paytaxtı Helsinki şəhərinin mərkəzi hissəsində məlumatlandırma aksiyası keçirilib. Aksiya Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Finlandiya Azərbaycanlıları Koordinasiya Şurasının və Azər-Türk Gənclər Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.
Yaponiyanın paytaxtı Tokioda isə Yaponiya-Azərbaycan Dostluq Mərkəzi tərəfindən paytaxt anım mərasimi təşkil olunub.
Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə “Tokyo Camii ve Diyanet Türk Kültür Mərkəzi”ndə təşkil edilən mərasimdə bu ölkədə yaşayan soydaşlarımız, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, Türkiyənin Yaponiyadakı səfiri Korkut Güngen, digər müsəlman ölkələrinin səfirliklərinin nümayəndələri, müsəlman icmasının üzvləri iştirak ediblər.
Mərasim iştirakçılarına Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanmış Xocalı soqırımı haqqında məlumatların toplandığı QR-kodlu, Azərbaycanın Dövlət Bayrağının, yapon, ingilis və Azərbaycan dillərində “Xocalıya ədalət!” sözlərinin yazıldığı maskalar paylanıb.
Danimarkada yaşayan soydaşlarımız isə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar ölkənin rəsmi qurumlarına müraciət ediblər.
“Vətən” Danimarka-Azərbaycan Cəmiyyətinin sədri Səfər Sadiqinin imzası ilə ölkənin Baş naziri Mette Frederiksenə, ölkə parlamentinin sədri Henrik Dam Kristensenə, xarici işlər naziri Yeppe Koffoda ünvanlanan bəyanatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələrinin və terrorçu dəstələrinin sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının koməyi ilə Xocalı şəhərində dinc əhaliyə qarşı misli görünməmiş amansızlıqla soyqırımı törətdiyi barədə ətraflı məlumat verilib.
Qeyd edildiyi kimi, xarici ölkələrdə Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilən tədbirlər davam edəcək.
Aysel Aslan
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda dərc olunub.
