Bu gün yerli vaxtla saat 13:00-da Belarusun Qomel şəhərində Rusiya-Ukrayna danışıqları başlayacaq. Ukrayna tərəfini danışıqlarda deputat, Radada “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya təmsil edəcək. Rusiyadan isə Prezidentin köməkçisi Vladimir Medinski danışıqlara qatılacaq.
Dünyanın diqqətlə izlədiyi görüşdən gözləntilər nədən ibarətdir?
Bu barədə Modern.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, onun Qomeldəki danışıqlardan böyük gözləntiləri yoxdur:
“Ukrayna haqlı tələblər irəli sürür ki, bütün işğalçı qoşunlar ölkəni tərk etməlidir. Rusiyanın bu şərti yerinə yetirəcəyini zənn etmirəm. Çünki ordu harda dayanmaq istəyirsə, orada da dayanmaq istəyəcək. Geri çəkilsə, bu, Putinin imicinə böyük zərbə olacaq. Buna görə də, böyük bir nəticə gözləmirəm”.
Politoloqun sözlərinə görə, danışıqların nəticəsi olaraq bir müddət atəşkəsə riayət oluna bilər:
“Daha sonra gərginlik yenidən artacaq. Çünki Ukrayna prezidenti özü də böyük gözləntilərinin olmadığını deyib. Amma indi nümayəndə heyətini göndərib. Aşkardır ki, Rusiya istədiyi nəticəni əldə edə bilmir. Birinci gündən Kiyevi mühasirəyə alıb, işğal etmək və hakimiyyəti dəyişmək istəyirdi, ancaq alınmadı. Ukrayna cəmiyyəti, Ukrayna ordusu müqavimət göstərir. Üstəgəl Rusiya sivil dünya ilə üz-üzə qalıb. Ona görə də, Rusiya nəsə çıxış yolu axtarır. Ancaq çıxış yolu axtararkən işğalı da davam etdirir. Məhz buna görə də, belə bir vəziyyətdə çox ciddi nəticələr gözləmirəm”.
Turqay Musayev