Rusiyanın Ukraynaya təcavüzü davam etdiyi bir vaxtda ölkəni tərk etməyə çalışan əcnəbi tələbələr təhlükəsizlik qüvvələri və sərhəd rəsmiləri tərəfindən irqçi rəftarla üzləşdiklərini deyirlər.
Modern.az-ın məlumatına görə, afrikalı tələbə CNN-ə deyib ki, onunla yanaşı digər əcnəbilər Ukrayna və Polşa sərhədi arasındakı keçid məntəqəsində ictimai tranzit avtobusundan endiriliblər.
Həmin tələbə bildirib ki, yalnız Ukrayna vətəndaşları olan avtobus getdiyi üçün onlara kənarda durmağı tövsiyə ediblər.
Lvovda tibb fakültəsinin birinci kurs tələbəsi olan nigeriyalı Reyçel Onyeqbule Ukraynanın paytaxtı Kiyevdən təxminən 400 mil aralıda yerləşən sərhəddəki Şehyni qəsəbəsində köməksiz qalıb.
O, CNN-ə deyib: "10-dan çox avtobus gəldi və biz hamının getməsinə baxırdıq. Bütün ukraynalıları götürdükdən sonra bizi də aparacaqlarını düşündük, lakin onlar bizə dedilər ki, piyada getməliyik, daha avtobus yoxdur. Yağış başladı və Şehiniyə çatmaq üçün 12 saat piyada getdik. Soyuqdan bədənim uyuşmuşdu və artıq 4 gündür ki, yatmırıq”.
Turqay Musayev