Modern.az

Tez-tez xəstələnmək immun sisteminin zəifliyidir?

Tez-tez xəstələnmək immun sisteminin zəifliyidir?

Aktual

1 Mart 2022, 12:16

“Qəfil xəstəlmək heç də "immunitetin azalması" demək deyil. Bu, bədənin qoruyucu xüsusiyyətlərinin zəiflədiyini göstərir. Bununla məşğul olmaq lazımdır, lakin immunitetlə hər şey qaydasındadır”.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

 

Həkimin sözlərinə görə, biz səhvən tez-tez baş verən kəskin respirator virus infeksiyalarını (KRVI) immunitet sistemindəki pozuntular kimi qəbul edirik:

 

“Məsələn, tez-tez xəstələnən uşaqlar ildə 4-6 dəfədən çox müxtəlif respirator infeksiyaları keçirirlər. Məsələn, uşaq bağçasına gedən balacalar ilk günlərdən digər uşaqların florası ilə qarşılıqlı əlaqədə olur və xəstələnirlər. Bu, patologiya deyil. Belə vəziyyətdə immunmodulyatorların qəbulu infeksiyanın dövrü alovlanması ilə müşayət olunan yarımkəskin mərhələyə keçir.

 

Sağlam insanın immun sisteminə müdaxiləyə ehtiyac yoxdur. Onun normal işləməsi üçün şərait yaratmaq lazımdır. Məsləhət görərdim ki, immun sistemin normal səviyyədə işləməsinə kömək edəcək bəzi amillərə diqqət yetirəsiniz”.

 

T.Eyvazov qeyd edib ki, ilk olaraq,  peyvənd cədvəlinə, o cümlədən illik qrip peyvəndinə laqeyd yanaşmaq olmaz:

 

“Həmçinin, qida elementlərinin, vitaminlərin və mikroelementlərin miqdarı və tərkibinə diqqət yetirin. Qeyd etmək istəyirəm ki, normal gecə yuxusu vacibdir, çünki bu zaman yeni immun hüceyrələr əmələ gəlir. Unutmamalıyıq ki, immun sisteminin zəifləməsinin səbəblərindən biri də stressdir.

 

Orqanizmin müqavimətini tənzimləmək üçün immun, sinir və hormonal sistemlərimiz daimi qarşılıqlı əlaqədə işləyir. Özünüzü yaxşı fiziki formada saxlayın, açıq havada daha çox vaxt keçirin. Qan dövranı immun sistem hüceyrələrinin bədənimizin bütün guşələrinə çatmasına və qoruyucu funksiyasını yerinə yetirməsinə imkan verir. İstənilən yoluxucu xəstəlikləri vaxtında və tam şəkildə müalicə edin.


İmmun sistemi çox mühümdür, lakin az öyrənilən sahədir. Onun işində ciddi bir pozuntuya dair şübhələr varsa, həkimə müraciət mütləqdir, çünki bir pozuntu əmələ gəldiyi halda xüsusi müalicə tələb oluna bilər.
Sonda qeyd etmək istəyirəm ki, əhalinin vaksinasiya prosesində fəal iştirakı kütləvi immunitetin əldə edilməsinə səbəb olur”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı