Modern.az

İldırımötürən

İldırımötürən

Aktual

3 Mart 2022, 09:10

İldırımötürən… Adətən, göylərin tez-tez gurlayıb, ildırımın tez-tez vurduğu yüksəkliklərdə ildırımötürən sipərlər quraşdırar, bu yolla ildırım təhlükəsindən qorunarlar. Hər dəfə Fərman Kərimzadənin şəxsiyyəti və yaradıcılığı barədə düşünəndə bu söz yadıma düşür İldırımötürən...

 

İkinci elə bir söz tapa bilmirəm ki, Fərman Kərimzadənin şəxsi və ədəbi taleyini bu söz qədər dəqiq və dolğun ifadə etmiş olsun.

 

İldırımötürən olmaq ildırımın bütün qəzəbini, hirs-hikkəsini özündən keçirib, özündə əridib, zərərsizləşdirməkdir. Yəni zərbəni öz üzərinə götürmək, ağrı-acını öz üstünə çəkmək, dərdi öz ürəyinə yükləmək. Buna könüllü şəhidlik də demək olar. Fərman Kərimzadə bu yolu özü seçmişdi. Daha doğrusu, əvvəl-əvvəl bu yol, bu tale onu seçmiş, sonra o da bu yoldan dönməmişdi…

 

İlk ildırım zərbəsini alanda 12 yaşında idi. 1949-cu ildə dogma Vedibasar mahalından, Vedi rayonunun Böyük Vedi kəndindən zorla çıxarılıb, ailəlikcə yük vaqonlarına doldurulub, Azərbaycanını Beyləqan (o vaxt Jdanov) rayonuna deportasiya olunanlar arasında o da vardı.

 

O vaxt bu dəhşətli faciəni qocalı-cavanlı, böyüklü-kiçikli çox ailələr, çox insanlar yaşadı. Amma zaman sübut elədi ki, bu faciə 12 yaşlı bu balaca uşağın qəlbində daha böyük şırım açmış, şüurunda daha dərin iz buraxıbmış. Bəlkə də bu ağrı-acı idi Fərman Kərimzadəni bir yazıçı kimi erkən klassikləşdirən, bir şəxsiyyət kimi erkən müdrikləşdirən, bir insan kimi erkən qocaldan…

 

“Qarlı aşırım” romanını yazanda 30 yaşı vardı, “Axırıncı aşırım” filmi ekranlara çıxanda – 33. Fikirləşəndə ki, söhbət erməni daşnaklarına illər boyu qan udduran Abbasqulu bəy Şadlinski kimi xalq qəhrəmanının və onun Kərbəlayi İsmayıl, Xəlil Mehdi oğlu, Məhərrəm Pənah oğlu, Qəmlo kimi silahdaşlarının ədəbi və kino obrazlarının yaradılmasından gedir, onda yazıçının böyüklüyünü etiraf etməkdən başqa yol qalmır. Bu, sovet imperiyası kimi ermənipərəst bir məmləkətdə və ermənilərin Moskvada rəhbər vəzifələrdə çoxluq təşkil etdiyi bir zamanda şəhadət barmağını erməninin gözünün içinə tuşlayıb: “Sən əclafsan” demək kimi bir şey idi və bunu demək üçün o vaxt böyük Qeyrət, Kişilik və Cəsarət tələb olunurdu. Bu, həm də həyatını təhlükə qarşısında qoymaq demək idi. Elə ona görə də həmin əsərlərə görə o illərdə gənc yazıçı uzun müddət təqiblərə məruz qaldı, hədələndi, incidildi. Lakin o, bunlardan qorxmadı, çəkinmədi. Çünki artıq bu, onun taleyi idi…

 

Həmin əsərlərin ardınca hər biri ədəbiyyatımızda hadisə olan bir-birindən dəyərli tarixi romanlar – "Xudafərin körpüsü", "Çaldıran döyüşü", "Təbriz namusu", "Qoca qartalın ölümü" yazılıb ortaya qoyuldu. Hər biri ayrıca tədqiq edilməyə və təbliğ olunmağa, öyrənilməyə və öyrədilməyə layiq əsər!

 

Başqaları sovet insanından, sovet fəhləsindən, pambıqçıdan, sağıcıdan, sosializm yarışından, sovet (oxu: həm də erməni) qardaşlığından kitablar bağlayanda Fərman Kərimzadə tariximizin qaranlıq səhifələrini vərəqləyir, milli dəyərlərimizi ədəbiyyata gətirir, millətə öz böyüklüyünü, əzəmətini tarixi hadisələr fonunda əyani şəkildə göstərərək onu bu təcrübədən nəticə çıxarmağa, özünü, dostunu və düşmənini tanımağa çağırırdı. Bu işə təkcə həyatını həsr etmirdi, həm də dincliyini, rahatlığını, səhhətini qurban verirdi. Həm də elə bil tələsirdi, elə bil ürəyinə dammışdı ki, tariximizin və taleyimizin təlatümlü, qanlı-qadalı 1988-ci il dövrü yaxınlaşır. Ona görə də son illər gecəsini-gündüzünə qatmışdı. 1981-ci ildə – "Xudafərin körpüsü", 1984-1985-ci illərdə – "Çaldıran döyüşü", 1986-1987-ci illərdə – “Qarlı aşırım”ın ikinci variant, “Təbriz namusu”, “Vedinin yanı dağlar”, 1988-ci ildə – "Qoca qartalın ölümü”…

 

Son illərdə Azərbaycanın bəlkə də elə rayonu, kəndi, şəhəri yoxdu ki, Fərman Kərimzadə orada olmasın. İldə azı iki-üç dəfə ata-baba yurdu Vediyə gedər, kəndlərdə qonaq qalar, adamlarla görüşər, 1948-1953-cü illər deportasiyası nəticəsində xaraba qalmış dağ kəndlərinə qalxar, evlərin xarabalıqlarını gəzər, kim bilir nələr düşünər, ürəyindən hansı hisslər, beynindən hansı fikirlər keçərdi…

 

Təkcə Vedinin yox, Qərbi Azərbaycanın digər rayonlarını da kənd-kənd, ev-ev dolaşar, adamlarla ünsiyyətdən yorulmaz, onların gün-güzəranı ilə maraqlanar, ürəyi sınıqlara ürək-dirək verər, dərdlilərin dərdini bölüşərdi. Bütün bunlara necə vaxt tapırdı?! Bu qədər ağrını, həsrəti, həyəcanı necə yerləşdirirdi ürəyinə?!

 

Hərdən öz-özümə fikirləşirəm ki, 1988-ci il hadisələrinin başlaması xəbərini, görəsən, Fərman Kərimzadə necə qarşılayıb?! Bunu təsəvvür eləmək çox çətindir. Amma əslində, o, bu hadisələrə hazır olmalıydı, onillər boyu idi bu ağrı-acının içindən keçib gəlirdi, bu ağrı-acıynan yatıb-dururdu, yaşayırdı, yazırdı. Və birdən 1988-ci il... Ermənilərin Qarabağ iddiası... Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın qaçqınlıq, didərginlik taleyi... İnsanların doğma yurdlarından qovulması, ah-naləsi, acı göz yaşları, heç hara gedib çatmayan hay-harayı, ümidsizliyi...

 

Fərman Kərimzadə yenə adamların içindəydi, onların önünə düşüb, Bakıda, Moskvada ən yüksək səviyyələrdə məsul dövlət məmurlarının qapısını döyürdü, xahiş edir, yalvarır, alınmayanda yumruğunu stola çırpır, tələb edir, rus generalları ilə döş-döşə dayanırdı. Didərgin, qaçqın, yiyəsiz insanlar onun üstünə qaçır, ona sığınır, ondan kömək istəyirdi. O isə gözünün yaşı ürəyinə axa-axa hamının köməyinə çatmağa çalışırdı, çatdığı da olurdu, çata bilmədiyi də... Heç bir il keçmədi ki, elə o camaatın içindəcə, elə o ağrının, o acının təsiri altındaca əlini ürəyinin üstünə sıxıb, qəfil dünyasını dəyişdi...

 

İldırımötürən bu sonuncu ildırımı zərərsizləşdirə bilmədi, ildırım onun özünü apardı. Çünki bu ildırım o biri ildırımlardan deyildi, bu ildırım onun kökünə, elinə, yurduna, hər an nəfəs aldığı Vedisinə düşmüşdü... Fərman Kərimzadə ömrü boyu hər cür məhrumiyyətə, itkiyə, haqsızlığa, ağrıya dözərdi, dözmüşdü də, amma elsiz, yurdsuz, Vedisiz yaşaya bilməzdi, yaşaya bilmədi də...

 

Əziz Ələkbərli

Milli Məclisin deputatı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ŞOK GÖRÜNTÜLƏR! Aclıq başladı, insanlar ərzaq növbəsində