Rusiya ordusu məqsədlərinə çatana qədər Ukraynada xüsusi hərbi əməliyyatı davam etdirəcək. Belə bir açıqlama ilə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu çıxış edib.
“Əsas vəzifə Rusiyanı Qərbdən gələn xarici hərbi təhlükədən qorumaqdır. Silahlı Qüvvələrin qruplaşması qarşıya qoyulan məqsədlərə nail olunana qədər xüsusi hərbi əməliyyat keçirməyə davam edəcək”, - deyə Şoyqu bəyan edib.
Nazir bu açıqlaması ilə Ukraynada hərbi əməliyyatların hələ bir müddət davam edəcəyinin anonsunu verib. Lakin Şoyqunun açıqlamasında diqqət çəkən məqam Rusiyanın hansı maraqlar axtarışında olmasıdır.

Bununla bağlı Modern.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, Rusiya Kiyevi kapituliyasiyaya razı salmaq istəyir:
“Rusiya bir tərəfdən danışıqlar aparır, digər tərəfdən xalqı qırmaqla təzyiq göstərmək istəyir, bu yolla çalışırlar ki, Ukrayna kapitulasiyaya uğrasın. Hələ danışıqların olması böyük sual altındadır. Bəlkə müvəqqəti atəşkəs elan edilər, o zaman nəsə danışmaq olar. Ukrayna yeddi gün ərzində dirəniş göstərdi. Düzdür, bu gün Ukraynanın ən böyük ərazilərindən biri olan Xerson vilayəti rusların əlindədir. Ancaq Ukrayna kapitulasiyaya getməyəcək”.
İ.İsmayılın fikrincə, ruslar hətta Kiyevi tutsalar belə, bu, Rusiyanın qələbəsi demək deyil:
“Rusiya onsuz da məğlub olub. Özü də bütün dünyanın qarşısında məğlub olub. Sadəcə olaraq hazırda fiziki gücünü göstərir. Sergey Şoyqu deyib ki, sona qədər davam edəcəklər. Bu son nədir, kimin sonudur, bununla nəyi nəzərdə tuturlar? Bununla onlar bütün Ukraynanın işğalını nəzərdə tuturlar. Ukraynanı işğal etməklə Rusiya məqsədinə çata bilməyəcək. Çünki dünya bu işğalın əleyhinədir. Hər şeydən öncə Ukrayna xalqı işğala qarşıdır. Ora, hətta oyuncaq hökumət belə yerləşdirmək mümkün deyil. Oyuncaq hökumət kimlə işləyəcək, kim ona tabe olacaq? Ukrayna xalqı ona tabe olmayacaq. Ən vacib güc strukturlarıdır. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti tabe olmayacaq. Kimi gətirib hakimiyyətdə saxlayacaqlar? Bu gözlənilmir. Danışıq əvvəl-axır baş tutacaq”.

Rusiyanın əsas istəyindən danışan ekspert sözlərinə əlavə edərək deyib:
“Sadəcə olaraq onların istəyi odur ki, Donetski, Luqanskı, Krımı Ukrayna qəbul etsin. Eyni zamanda neytrallığı da qəbul etsin. Ukrayna deyir ki, neytrallığı qəbul edirəm, bura başqa ölkənin hərbi bazası yerləşdirilməyəcək, heç bir hərbi bloka qoşulmuram, ancaq bütövlükdə Ukraynadan çıxın. Ona görə danışıqlar çox mürəkkəbdir, hətta ziddiyətlidir. Rusiyanın özü müəyyən dərəcə itkilər məsələsinə görə tükənib. Ancaq Rusiya geri çəkiləsi deyil. Rusiya, doğrudan da sona qədər gedəcək. Amma bu, həm də Rusiyanın sonu deməkdir.
Dünyada elə şirkət, hətta firma qalmayıb ki, Rusiyaya qarşı sanksiya tətbiq etməsin. Hətta kinofilm satmağı, idman paltarı satmağı belə qadağan ediblər. Bütün bunların hamısı özlüyündə Rusiyada iğtişaşlara səbəb olacaq. Ukrayna xalqı qalib olacaq və əvvəl-axır öz torpaqlarını azad edəcək”.
Turqay Musayev