Prezident İlham Əliyevin göstərişinə əsasən regionlarda istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə “Azərişıq” ASC tərəfindən həyata keçirilən genişmiqyaslı yenidənqurma və təmir işləri Salyan rayonunu da əhatə edib.
Bu barədə Modern.az-a Milli Məclisin deputatı Jalə Əhmədova məlumat verib. Deputat Salyan rayonunun Kürqaraqaşlı, Ərəbqardaşbəyli, Xocalı, Cəngan kəndlərində, həmçinin Salyan şəhərinin Babazanlı qəsəbəsində sakinlərlə görüşdüyünü bildirib.
Deputat seçildiyi rayonda dövlət tərəfindən icra olunan layihələrin və hazırda kəndlərin elektrik enerjisi ilə etibarlı təchizatında böyük rol oynayacaq yenidənqurma və təmir işlərinin icrası ilə maraqlanıb. Eyni zamanda adları çəkilən kəndlərin və qəsəbələrin sakinləri ilə həmsöhbət olub, onların problemlərini dinləyib.
Millət vəkili Jalə Əhmədova sakinlərlə görüşlər zamanı cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkə vətəndaşlarının rifahının daha da yüksəlməsi istiqamətində gördüyü işlərdən söz açıb, kəndlərin qazlaşdırılması və elektrik təchizatının yaxşılaşdırılması, müasir rabitə və internet sistemləri ilə təmin olunması və digər sahələrdə həyata keçirilən layihələr barədə danışıb. Həmçinin şəhid ailələri, qazilər və müharibə əlillərinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən gerçəkləşdirilən layihələrin mərhələli şəkildə icra olunduğunu, ölkə başçısının sərəncamı ilə təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə minlərlə şəhid ailəsi və müharibə əlilinin mənzil və fərdi evlə təmin ediləcəyini diqqətə çatdırıb.
"Xocalı kənd sakinlərini kəndin qazlaşdırılması ilə bağlı təbrik edərək, evlərinin isti ocaqlarının yanar olmasını arzuladım. Bu ilin sonuna kimi Ərəbqardaşbəyli kəndində də qaz xətti çəkilişlərinin yekunlaşdırılmasının nəzərdə tutulduğunu qeyd etdim və bildirdim ki, Ərəbqardaşbəyli kəndi 59 saylı Salyan seçki dairəsinin ərazisində yerləşən və qazlaşdırılmayan sonuncu kənddir. Seçicilərim onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini ifadə ediblər", - deyə deputat vurğulayıb.