“Dünya praktikasında hamiləlik və südvermə dövründə, hətta hamiləlik planlaşdıran qadınlara peyvənd tövsiyə edilmir. Lakin geniş yayılmış epidemiya və pandemiyalar dövründə virusla mübarizə aparmaq məqsədilə istisnasız olaraq, kütləvi peyvəndlənmə aparılır”.
Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-ginekoloq Şəymən Qədimova bildirib.
Ginekoloq qeyd edib ki, virusun yeni növlərinin virulentliyi artdığı və virus tamalilə aradan qalxmadığı halda, o zaman hamilə qadınlar da kütləvi peyvənləşməyə cəlb oluna bilərlər.
Həkim eyni zamanda bildirib ki, bəzi istisnalar olmaqla bütün südverən anaların körpələrini ana südü ilə qidalanmasının vacibliyini elmi tədqiqatlarla təsdiqlənib:
“Hətta aktiv koronavirusa yoluxan hamilə qadınların dünyaya gətirdiyi körpələr də ana südü ilə qidalanmalıdır. Çünki bu cür infeksiyalar əsasən südlə yox, qanla anadan dölə keçir. İnsanın İmmunçatışmazlığı Virusu (İİV), kavernoz vərəm (açıq vərəm) istisna olmaqla bütün qadınlar süd verməlidir".
Nazirlik rəsmisi bildirib ki, COVID-19 pandemiyasının ilk günlərindən etibarən virusa yoluxan hamilə qadınlara respublikamın 2 böyük klinikası - Kliniki Tibbi Mərkəz və Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası xidmət göstərir:
“Sevindirici haldır ki, son 6 ay müddətində COVID-19 infeksiyasından ana ölümü halları qeydə alınmayıb.
COVID-19-a yoluxması təsdiqlənən bütün hamilə qadınların qeyd olunan klinikalara göndərilir. Ona görə də statistika respublika üzrə hesab olunur”.