Hesabat dövründə 21206 nəfər cinayət törətmiş şəxs müəyyən edilib, 16647 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub. Cinayət məsuliyyətinə cəlb olunmuşların 63,2 faizi əmək qabiliyyətli yaşda olub heç bir yerdə oxumayan və işləməyənlər, 24,8 faizi əvvəllər də cinayət törətmiş şəxslərdir.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 5,5 faiz, 14-17 yaşda olan uşaqların xüsusi çəkisi isə 1,6 faiz təşkil edib. 2020-ci il ilə müqayisədə cinayət törətmiş qadınların sayı 34,4 faiz artıb, 14-17 yaşda olan uşaqların sayı isə 10,1 faiz azalıb.
2021-ci ildə qeydə alınmış cinayət hadisələrinin 8571-i və ya 27,5 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. Onların da 55,6 faizi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 38,2 faizi eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 4,4 faizi qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,6 faizi güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,2 faizi isə digər cinayətlərdir. 2021-ci ildə qadınlar tərəfindən və onların iştirakı ilə törədilmiş cinayətlərin sayı müvafiq olaraq 34,2 faiz və 1,6 dəfə artmış, yetkinlik yaşına çatmayanlar tərəfindən və onların iştirakı ilə törədilmiş cinayətlərin sayı isə müvafiq olaraq 1,6 dəfə və 8,6 faiz azalıb.