Modern.az

Karantin qadağaları aradan qaldırılmalıdır - DEPUTAT

Karantin qadağaları aradan qaldırılmalıdır - DEPUTAT

Aktual

5 Mart 2022, 11:03

Artıq əksər inkişaf etmiş ölkələr karantin rejiminin aradan qaldırılması və ya tam yumşaldılması barədə qərarlar qəbul edirlər. Avropada İngiltərə, Almaniya və Fransa kimi aparıcı dövlətlər yenidən normal həyata qayıtmaqda israrlıdırlar. Qardaş Türkiyədə də karantin qaydaları xeyili yumşalıldı, lokal pandemiyadan imtina ilə bağlı real addımlar atılmaqdadır.

 

Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı daha hansı addımların atılması məqsədəuyğun olardı?

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, son bir ayda ölkəmizdə yoluxma sayı 12 dəfəyə yaxın azalaraq, 7050-dən 588-dək düşüb:

 

"Vurulan ümumi vaksinlərin sayı isə 13 milyon 111 mindən çoxdur. Ölkəmizdə peyvəndləşmə səviyyəsi kifayət qədər yüksək hesab olunur. Bütün bunları nəzərə aldıqda, mərhələli şəkildə quru sərhədlərin açılması məsələsinə baxılması, rayonlar ilə dəmiryolu əlaqəsinin bərpa edilməsi və ölkəyə gəliş-gediş zamanı peyvənd pasportu olduğu halda PCR analiz tələbinin aradan qaldırılması məqsədəuyğun olardı".

 

Deputat qarşıdan gələn yeni turizm mövsümü ilə bağlı məsələyə diqqət çəkib:

 

"2019-cu ilə ölkəyə 3.2 milyon turist gəlmişdisə, 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azaldı. Bu baxımdan, quru sərhədlərinin mərhələli açılışı, PCR test tələbinin götürülməsi ölkəyə gələn turistlərinin sayının kəskin artmasına səbəb ola bilər. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, əksər Qərb ölkələrində olduğu kimi Azərbaycanda da xüsusi karantin qaydalarının daha yumşaldılması turizm daxil olmaqla bir sıra sektorlar üçün əlavə imkanlar yarada bilər".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı