Modern.az

AES-dəki yanğın Rusiyanın Qərbə xəbərdarlığıdır - ŞƏRH

AES-dəki yanğın Rusiyanın Qərbə xəbərdarlığıdır - ŞƏRH

Aktual

5 Mart 2022, 12:48

Ötən gün Avropanın ən böyük, dünyanın isə onuncu ən böyük Atom Elektrik Stansiyası olan Zaporejye AES Rusiyanın təhlükəli hücumuna məruz qalıb. Xoşbəxtlikdən AES-də baş vermiş yanğın partlayışla nəticələnməyib.

 

Ekspertlərin fikrincə, partlayış baş versəydi, Avropa böyük fəlakətlə üz-üzə qala bilərdi. Bir çox mütəxəsisslər Qərbin ağır sanksiyaları fonunda AES-dəki yanğının Rusiyanın Avropaya xəbərdarlıq mesajı kimi qiymətləndirirlər. 

 

Zaporejye AES-dəki yanğın Rusiyanın hansı məqsədindən xəbər verir?

 

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu xatırladıb ki, AES-də partlayış böyük fəlakətə səbəb ola bilərdi:


“Nəzərə almaq lazımdır ki, Zaporejyedəki Atom Elektrik Stansiyası Avropadakı ən böyük AES-dir. Ayrıca olaraq dünyada ən böyük 10 AES-dən biridir. Təbii ki, burada baş verəcək hər hansı xəta coğrafiya üçün ciddi fəsadlara gətirib-çıxara bilər. 

 

Hazırda müharibə davam edir. Müharibə zamanı fərqi yoxdur, bütün infrastrukturlar zərər görür. Ona görə də, hər iki tərəf bu məsələdə davranışlarında ehtiyyatlı olmalıdır. Çünki burada baş verəcək hadisə tək Ukrayna və ya Rusiyaya yox, qeyd etdiyim kimi bütün coğrafiyaya zərər vura bilər”.


Deputat AES-dəki hadisəni Çernobıl partlayışı ilə müqayisə edib:


“Xatırlatmaq istərdim ki, Çernobılda tək bir stansiya olmasına baxmayaraq, onun partlaması nəticəsində yaranan fəsadlar hələ də tam aradan qalxmayıb. Zaporejye AES-də isə 6 blok var. Bu baxımdan təbii ki, çox ehtiyyatlı davranmaq lazımdır. O ki qaldı Rusiyanın bununla siqnal verməsi məsələsinə, hesab edirəm ki, Rusiya Avropaya siqnalını açıq şəkildə verib. Rusiya prezidenti öz dili ilə Avropaya çatdırdı ki, Ukrayna və Rusiya arasındakı məsələyə müdaxilə etməsinlər. O, həmçinin bu müdaxilələrə Rusiyanın sərt cavab verəcəyini demişdi”.

 

 

Hərbi ekspert Üzeyir Cəfərov isə bildirib ki, Rusiya-Ukrayna müharibəsi bir çox məqamları gündəmə gətirdi. Rusiyanın Zaporejye AES-i vurması, daha doğrusu, vurmaq cəhdi olduqca səhv addımdır. 


Onun sözlərinə görə, AES-də partlayış olsaydı, Avropa Rusiyaya güc tətbiq edəcəkdi. Ancaq istənilən halda təhlükəli vəziyyət hökm sürür.

 

“Rusiya bir şeyi başa düşməlidir ki, bu gün dünyada baş verən hadisə olduqca ciddidir. Rusiya Ukraynada son dərəcə ciddi uğursuzluğa düçar olub. Burada canlı və texniki itkilər verib. Bütün bunların fonunda təzyiq vasitəsi kimi bu yollara əl atır. Hətta, Çernobıl AES-i ələ keçirəndə də Rusiyanın məqsədi tamamilə fərqli idi. Yəni bu da təzyiq vasitəsidir. Bir ölkə digərini nüvə silahı ilə qorxudursa, ondan hansı normal addımı gözləmək olar? Burada günahkar tərəf Rusiyadır”.


Ekspert vurğulayıb ki, artıq Zaporejye AES-lə bağlı Almaniya, Birləşmiş Krallıq, Fransa və başqa ölkələr tərəfindən Rusiyaya xəbərdarlıq edilib.


“Rusiya rəsmiləri Xarkovda heç bir əsgərimiz yoxdur deyə, fikirlər səsləndirirlər. Bu biabırçılıq, rüsvayçılıqdır. Deyirlər ki, Ukrayna özü atəş açıb. Axı belə açıqlama vermək ayıbdır. Bu gün kosmos əsrində hər şey kənardan izlənir və hər şey nəzarət alındadır”, - deyə Ü.Cəfərov bildirib.

 

 

Hərbi ekspert AES-ə hücumun məqsədli şəkildə həyata keçirildiyini qeyd edib:


“Yenə deyirəm, Zaporejye AES-in vurulması təzyiq vasitəsidir, bununla istəyirlər ki, Avropa dövlətləri Zelenskini Rusiya ilə razılığa məcbur etsin, Rusiyanın dedikləri ilə razılaşsın. Artıq bu mümkün deyil. Bu gün döyüş əməliyyatlarının 10-cu günüdür, ancaq onlar istəklərinin heç 10 faizinə nail olmayıblar. 

 

Hesab edirəm ki, ərazilərin bombalanması, Zaporejye AES-in tutulması Rusiyanın acizliyini göstərir. Əgər məqsədin millətçiləri aradan qaldırmaq idisə, başqa yol tuta bilərdin. Ancaq Rusiyanın etdikləri öz xalqını daha dərin şəkildə təcrid etməkdir. Bu proses hazırda davam edir”.

 

Turqay Musayev

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı