Rusiya Federasiyasının ərazisində hər hansı xüsusi vəziyyətin tətbiqi nəzərdə tutulmur.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu prezident Vladimir Putin bəyan edib.
“Hərbi vəziyyət xarici təcavüz halında tətbiq edilir, Rusiyada indi belə bir vəziyyət yoxdur və olmayacaq”.
O əlavə edib ki, Rusiya cəmiyyətini sarsıtmağa cəhdlər edilir.
Putin deyib ki, “Ukraynadakı hərbi əməliyyatlarda pəşəkar hərbçilər iştirak edir, onların arasında orduya yeni çağırılanlar yoxdur”.
O, Ukraynada döyüşmək üçün hərbi komissarlıqlara gələn könüllülərə təşəkkür edib və deyib ki, hələ onların köməyinə ehtiyac yoxdur.
Ölkə başçısının sözlərinə görə, “Ukraynada xüsusi əməliyyatın məqsədlərinə çatmaq üçün Rusiyanın kifayət qədər gücü var”.
Bundan əlavə, Putin deyib ki, Rusiya ordusu qarşısında qoyulan bütün vəzifələri həll edəcək. Onun sözlərinə görə, Ukraynada əməliyyatlar Baş Qərargahın plan və cədvəliyə uyğun davam edir.
Rusiya prezidenti vurğulayıb ki, Ukraynada hərbi infrastrukturun məhv edilməsi üzrə işlər demək olar ki, başa çatıb.
"Ukraynaya neytral statusun verilməsi bu ölkənin NATO-ya daxil olmasının qarşısını almaq üçün vacibdir" deyən prezident hesab edir ki, Rusiya ilə Şimali Atlantika Alyansı arasında Ukraynanın bu təşkilata qoşulacağı təqdirdə baş verə biləcək münaqişənin nəticələri hamıya aydın olmalıdır.