Modern.az

YAP böyük uğurlara imza atır

YAP böyük uğurlara imza atır

Aktual

6 Mart 2022, 12:28

1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və onun ətrafında birləşmiş Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət etmişdir.


Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan üçün olduqca çətin və mürəkkəb tarixi-siyasi dövrə təsadüf edir. Belə ki, 90-cı illərin əvvəllərində Azərbaycanın müstəqil və suveren bir ölkə kimi gələcəyi sual altında idi. Ermənistan Azərbaycan torpaqlarına hərbi təcavüz etmiş, ərazi bütövlüyümüz pozulmuş, torpaqlarımız işğal altına düşmüşdü. İşğal nəticəsində 600 mindən çox Qarabağ sakini öz doğma yurdunu tərk etmək məcburiyyətində qalmışdı. Eyni zamanda,  Qərbi Azərbaycanda yaşayan 300 mindən çox həmvətənimiz öz torpaqlarından qovulmuşdu. Beləliklə, 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. 


Digər tərəfdən, ölkə daxilində gedən xoşagəlməz proseslər – siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə, iqtisadiyyatın tənəzzülü Azərbaycanın gələcəyi üçün yeni təhdidlər yaratmış, daxili böhranı dərinləşdirmişdi. Cəmiyyətdə ümidsizlik hökm sürürdü və idarəetmədə olan heç bir siyasi qüvvəyə inam qalmamışdı. 


Yeni Azərbaycan Partiyası məhz belə bir tarixi-siyasi şəraitdə yaradılmışdır, çünki xalqı birləşdirəcək, ümummilli həmrəyliyi təmin edəcək yeni siyasi gücün formalaşması artıq zərurət idi. Ulu Öndər Heydər Əliyev bu barədə belə demişdir:


“1992-ci ildə Naxçıvanda, ağır bir şəraitdə, böyük təzyiqlər altında biz partiyanın yaranması ilə əlaqədar xeyli iş gördük və ilk konfransı keçirdik. Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafeyinə xidmət üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq, zərurətdən yaranmış bir partiyadır”.

 

Beləliklə, 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi, sözügedən partiyanın əsası qoyuldu və Ulu Öndər yekdilliklə bu partiyanın sədri seçildi. Çox çətin tarixi dövrdə yaranan Yeni Azərbaycan Partiyası qüdrətli Azərbaycanın qurulması yolunda böyük əhəmiyyətə malik oldu.


1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə – 98,8% səslə Prezident vəzifəsinə seçildi və bununla da, ölkəmizin böhrandan çıxma prosesi başlandı. Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin əsasını qoydu. 


Ulu Öndərin siyasi iradəsi və peşəkarlığı müstəqilliyimizin qorunmasını və dönməzliyini təmin etmişdir. Belə ki, Heydər Əliyevin qətiyyətli addımları ölkəmizin müstəqilliyi və suverenliyinə yönəlmiş bir çox təhdidlərin qarşısını almışdır. Onun uzaqgörən və müdrik siyasəti sayəsində qısa bir zaman ərzində ölkəmizdə sabitlik bərpa olunmuş, Azərbaycan dünya birliyində öz layiqli yerini tutmuş və sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Yeni Azərbaycan Partiyası isə Ulu Öndər Heydər Əliyevin başçılığı ilə qısa müddət ərzində qarşısında duran əsas məqsədə nail olaraq ümumxalq partiyasına çevrilmişdir. 


2005-ci ildən etibarən Yeni Azərbaycan Partiyası cənab Prezident İlham Əliyevin rəhbərliyi altında daha da çiçəklənir, böyük uğur və nailiyyətlərə imza atır. 


Bu gün Yeni Azərbaycan Partiyası böyük bir xalq kütləsini – 760 min nəfərdən artıq vətəndaşı öz ətrafında bir yumruq kimi birləşdirmişdir. YAP ölkənin vətənpərvər, intellektual ehtiyatı olan gənc nəsil nümayəndələrini özündə birləşdirən bir siyasi partiyadır. Bu mənada, qeyd etmək lazımdır ki, bu gün cəmiyyətin inkişafında, ölkənin siyasi-ictimai həyatında gənc nəslin rolu olduqca əhəmiyyətlidir. Təsadüfi deyil ki, məhz Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Əlbəttə ki, torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, amma onların mütləq əksəriyyətini İlham Əliyevin ilk dəfə Prezident seçildiyi dövrdə – 2003-cü ildə uşaq və yeniyetmə olan vətəndaşlar təşkil edir. Onlar yetişdilər, ərazi bütövlüyümüz uğrunda canlarından keçdilər, şəhid oldular, qazi oldular, vətənpərvərlik,fədakarlıq və qəhrəmanlıq göstərərək tarixi ədaləti bərpa etdilər.


Hazırda Yeni Azərbaycan Partiyası Azərbaycanda və Cənubi Qafqaz regionunda ən nüfuzlu və ən mütəşəkkil siyasi təşkilatdır. Bu partiya cəmiyyətdə aparıcı mövqe tutmasına, üzvlərinin sayına, siyasi ideya xəttinə görə hər zaman öndə getmişdir. 


Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi: “Yeni Azərbaycan Partiyası Azərbaycanın bu gününün partiyasıdır, Azərbaycanın sabahının partiyasıdır, XXI əsrin partiyasıdır, üçüncü minilliyin partiyasıdır”.


Ülviyyə Ağayeva,

Milli Məclisin deputatı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı