Son iki gün ərzində Misirin kurort şəhərlərindən 4 minə yaxın ukraynalı turist xüsusi aviareyslərlə Polşa, Slovakiya, Macarıstan və Rumıniyaya yola salınıb. Şarm əl-Şeyx və Hurqadadakı beşulduzlu istirahət məkanlarında qalan 2 min turist isə qida təminatı saxlanmaqla üçulduzlu otellərə köçürülüb.
Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə məlumat verən Misir Nazirlər Kabinetinin sözçüsü Nadir Saad ukraynalı turistlərin təyyarə xərclərinin hökumət tərəfindən ödənildiyini deyib. Onun sözlərinə görə, həmin təyyarələr Ukraynanı tərk etmiş və Şərqi Avropa ölkələrində olan misirliləri Qahirəyə gətirəcək. Misir rəsmisi əlavə edib ki, ukraynalı turistlərin təxliyəsi davam edəcək.
Bununla yanaşı, Misirin turizm sektoru Rusiya hökumətinin bütün beynəlxalq aviareysləri dayandırması səbəbindən ciddi zərərə uğrayacaq. Rusiyanın Misirdəki səfiri Georgi Borisenko bildirib ki, 2022-ci ildə Şarm əl-Şeyx və Hurqada kurortlarına 125 mindən çox rus turist gəlib.
Misir hökumətinin sözçüsü Rusiya-Ukrayna böhranının turizm sektoruna vuracaq zərəri kompensasiya etmək məqsədilə alternativ variantların nəzərdən keçirildiyini deyib.