Dünyada baş verən proseslərin fonunda xaricdə yaşayan azərbaycanlıların bir-birinə bağlılığının, həmrəyliyinin gücləndiyini görürük. Pandemiya və müharibə dövründə Azərbaycanın şanlı qələbəsinin dünyaya çatdırılması işində milli birliyimiz bütün dünyaya nümunə oldu. Artıq azərbaycanlılar harada yaşamasından asılı olmayaraq, öz sözünü deməyi, xarici ölkələrdə birliyini, gücünü nümayiş etdirməyi bacarır.
Vətəndaşlarımızın doğma sığınacağı
Son günlər Ukraynada baş verən hadisələr də həmrəyliyimizi ön plana çıxardı. Müharibə şəraitində Azərbaycan Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə fəaliyyəti bu məsələdə öz əvəzsiz bəhrəsini verməkdədir. Bir çox ölkələrdən fərqli olaraq Ukraynada yaşayan soydaşlarımızın təxliyəsi, vətəndaşlarımızın üzləşdikləri problemlərin aradan qaldırılması istiqamətində çox böyük işlər görülür.
Dövlət başçısının tapşırığına əsasən, XİN və Diasporla İş üzrə Dövlət Komitəsi gücləndirilmiş rejimə keçərək, Ukraynanı tərk etmək istəyən Azərbaycan vətəndaşlarının təhlükəsizliyini yüksək səviyyədə qoruyur. Bu xüsusda Azərbaycan Evlərinin xidmətini xüsusilə qeyd etmək yerinə düşər.
Ukraynadan təxliyə olunan soydaşlarımız qonşu ölkələrdə fəaliyyət göstərən Azərbaycan evlərinə yerləşdirilməkdə dövlət qayğısı ilə əhatə olunurlar. Bu gün həm də onu deyə bilərik ki, xaricdəki Azərbaycan evləri vətəndaşlarımızın doğma sığınacağına çevrilib.
Bundan başqa, Xocalı soyqırımının 30 illiyi ilə bağlı dünyanın əksər ölkəsində keçirilən müxtəlif formalı tədbirlərdə də soydaşlarımızın nümunəvi addımları, Azərbaycan üçün canıyananlıqları qürurvericidir.
Azərbaycanın dövlət siyasəti yalnız daxildə deyil, xaricdə də həmvətənlərimizi “Dəmir Yumruq” ətrafında sıx birləşdirib.
Güc birlikdədir...
“Birlik” Odessa diaspor təşkilatının sədr müavini Anar Ağazadə Ukraynada müharibənin davam etməsinə baxmayaraq, bu ölkədə yaşayan soydaşlarımızın həmrəylik göstərdiyini söyləyir:
“Hazırda Kiyev raket atəşinə tutulur, ciddi hücumlar olur. Demək olar ki, Azərbaycanın Ukraynadakı səfirliyinin fəaliyyəti çox məhduddur. Amma yenə də bizimlə səfirliyin əməkdaşları daim əlaqədədir, vətəndaşların təxliyəsində məsləhətləşmələr aparılır. Bununla bərabər Azərbaycanın Moldovadakı səfirliyi ilə də daim əlaqədə olur. Başda səfir Qüdsi Osmanov olmaqla, konsul Şəfa xanım və digər əməkdaşlar bacardıqları qədər vətəndaşlarımıza gün boyu xidmət göstərirlər.
Demək olar ki, həmin insanlar neçə gündür yatmırlar. On minlərlə azərbaycanlı onlarla birlikdə birlik nümayiş etdirir. Bir tərəfdən də bizim komitə gün boyu Ukraynanın bir çox bölgələrində fəaliyyət göstərən diaspor təşkilatlarla əlaqədədir, insanların təxliyəsi üçün ciddi şəkildə dəstək verir. Ukraynada müharibə gedir, hər şey xaotikdir, bilmirik ki, bu gün hara vurulacaq, haraya hücum olunacaq. Vətəndaşlarımız arasında çarəsiz, çıxılmaz vəziyyətdə olanlar üçün sığınacaq yerləri bizlərik. Bunun üçün Azərbaycan dövləti, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, səfirlik vətəndandaşlarımızın ümid yeri olaraq daim fəaliyyət göstərir, insanlarımıza dəstək göstərməyə çalışırlar. Qısa müddətdə birliyin dəstəyini hiss edirik. Bu çətin vəziyyətdə vətəndaşlarımızın sığınacaq yerinə çevrilmişik”.
Azərbaycanlılar bir yumruq kimi birləşib...
Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan XİN-in birgə fəaliyyətini yüksək qiymətləndirib. O qeyd edib ki, Azərbaycan Evi artıq burada yaşayan azərbaycanlıların sığınacaq yerinə çevrilib:
"Azərbaycan Evi bir neçə ölkədə fəaliyyət göstərir. O cümlədən biz Macarıstanın Budapeşt şəhərində fəaliyyət göstəririk. Bura artıq Macarıstanda yaşayan azərbaycanlıların doğma evinə çevrilib. İstənilən azərbaycanlının layihəsini, problemini həll etməyə çalışırıq. Eyni zamanda Azərbaycan Evi vətəndaşlarımızın yerli xalqa inteqrasiyası üçün əlindən gələni edir. Həmçinin burada yaşayan azərbaycanlı ailələrin uşaqlarının ana dilimizi unutmaması üçün Azərbaycan dili dərslərini təşkil edirik. Müharibə, pandemiya dövründə bizim Azərbaycan Evləri sığınacaq evlərinə çevrilib. Bununla bərəbər hazırda məlum müharibə dövründə də Azərbaycan Evləri Ukraynada olan diaspor təşkilatları, digər ölkələrdə olan Azərbaycan Evləri ilə birgə fəaliyyət göstərir. Ukraynadan Macarıstana keçən azərbaycanlıların burada rahat yerləşməsinə, Azərbaycana təxliyə olunmasına dəstək göstəririk. Bu işdə bizə burada yaşayan azərbaycanlılar, tələbələr, könüllülər kömək göstərir. Eyni zamanda Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, səfirliyimizlə birgə işlər görülür".
Dövlət qurumları koordinasiya olunmuş fəaliyyət göstərir
Milli Məclisin deputatı, uzun müddət diaspor fəalı olmuş Fatma Yıldırım Ukraynada müharibənin törətdiyi acı nəticələri vurğulayaraq, uzun illər müharibə yaşayan xalq olaraq bütün bunları yaxşı anladığımızı deyib. Deputat bildirib ki, hazırda dünya ictimaiyyəti hadisələri narahatlıqla izləyir:
“Həqiqətən də Ukraynada humanitar fəlakət yaşanır, yaşayış məntəqələri dağılır, günahsız insanlar öldürülür. Azərbaycan Ukraynaya humanitar yardım göstərir, amma təəssüf ki, zərərçəkənlər arasında həmvətənlərimiz də var. Prezidentimiz vətəndaşlarımızın bu ölkədən təxliyə edilməsi üçün tapşırıq verib. Hazırda Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, səfirliklərimiz, diaspor təşkilatları bu işlə bağlı səfərbər olunublar. Hazırda müvafiq qurumlar bu istiqamətdə təxirəsalmaz tədbirlər görür, koordinasiya olunmuş formada çalışırlar.
Eyni zamanda, dövlət başçısının tapşırığı ilə “AZAL” həmvətənlərimizi ödənişsiz olaraq ölkəmizə gətirir. Artıq xeyli sayda həmvətənlərimiz təxliyə edilib. Amma Ukraynanın qaynar nöqtələrində hələ də sığınacaqlarda qalan həmvətənlərimiz var. Onların təxliyə üçün sistemli tədbirlər görülür. Eyni zamanda, biz görürük ki, azərbaycanlılar Ukraynada çətin vəziyyətdə olan insanlara dəstək olur, onlara ərzaq yardımı göstərirlər. Bu işdə diasporumuz, dünya azərbaycanlıları birlik nümayiş etdirirlər. 44 günlük Vətən Müharibəsində millət olaraq necə səfərbər olmuşduqsa, soydaşlarımızın da bu gün mülki insanlar üçün əlindən gələni etdiyini görürük, bu bizi azərbaycanlılar olaraq qürurlandırır ”.
Deputat tərəflər arasında tezliklə sülhün əldə olunmasını arzuladığını diqqətə çatdırıb:
“Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri var, hər iki xalq bizim dostumuzdur. Ona görə də Rusiya və Ukraynanın tezliklə danışıqlar masasında münaqişənin həll etməsini arzu edirik. Əks halda, müharibə daha böyük fəlakətlərə səbəb olacaq”.
Aysel Aslan
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusunda hazırlanıb.
