Qadın müqəddəslik simvoludur və eyni zamanda, bəşərin ən böyük dühasıdır. Tarix boyu şərəfli Azərbaycan qadını zamanın bütün sınaqlarından ləyaqətlə çıxaraq xalqımıza nəcib əməlləri ilə əvəzolunmaz töhfələr verib. Zərif cinsin nümayəndələri olmalarına baxmayaraq, təhlükə olduğu təqdirdə silaha sarılıb bizimlə bərabər ön sırada dayanıblar.
Qadınlarımız aktiv fəaliyyətləri ilə istər dövlət idarəçiliyində, istərsə də sosial-mədəni layihələrin icrasında önəmli addımları ilə fərqləniblər. İftixarla qeyd etmək olar ki, hər cür alqışa layiq qadınlarımız daim qürür ünvanımız kimi tanınıblar.
Ölkəmizdə qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilərək dövlət səviyyəsinə qaldırılması, şübhəsiz ki, ümummili lider Heydər Əliyevin adı ilə bağlıdır. Bütün fəaliyyəti dövründə ulu öndər Azərbaycanda qadın hüquqlarının qorunmasını, onlara dəyər verilməsini, istər dövlət qullugunda, istərsə də sosial həyatın bütün sahələrində irəli çəkilmələrini vacib amil kimi hər zaman diqqətdə saxlayıb.
Ümummilli lider 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” imzaladığı fərmanla Qadın Problemləri üzrə Dövlət Komitəsi (hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yaradılıb. Komitə fəaliyyəti dövründə qadın hüquqlarının müdafiəsi istiqamətində mühün əhəmiyyətli işlər görüb, səmərəli tədbirlər həyata keçirib, bu sahədə qarşılaşılan problemlərin həlli məqsədi ilə layihələr reallaşdırıb. Bütün bunların nəticəsində Azərbaycan qadının cəmiyyətdəki fəallığı daha da artıb, ölkəmizin inkişafı və müstəqilliyinin gücləndirilməsi prosesində iştirakı stimullaşdırılıb və üzərinə düşən vəzifələrin yüksək səmərəliliklə yerinə yetirilməsi gerçəkləşib.
Dövlətimizin başçısı İlham Əliyev prezidentlik fəaliyyətinin bütün mərhələlərində dövlət qadın siyasətini, ulu öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələri layiqincə davam etdirib. Ölkə rəhbəri qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşıb, qadın və kişilərin bərabər hüquq və imkan azadlıqları siyasətini prioritet istiqamət kimi diqqət mərkəzində saxlayıb.
Bu gün ümümbəşəri insan haqları, eyni zamanda, gender bərabərliyi baxımından ölkəmizdə gerçəkləşdirilən siyasət dünyada təqdir olunaraq, alqışlanır.
Ölkə rəhbərliyində, ümumiyyətlə, dövlət quruculuğunun digər fəaliyyət sahələrində onların kişilərlə yanaşı bərabər iştirakına əlverişli şərait yaradılması Azərbaycanda qadına dövlət tərəfindən göstərilən yüksək etimaddır. Prezident İlham Əliyev çıxışlarının birində qadınlara müraciətində bununla bağlı deyib: “Məmnunluq hissi ilə bildirirəm ki, müstəqilliyimizin bərpasından sonrakı müddət ərzində milli dövlət quruculuğu sahəsində qazanılan uğurlarda müstəsna rolunuz vardır... İnanıram ki,istedad və bacarığınızı ictimai-siyasi, sosial-iqtisadi və intellektual-mənəvi həyatımızda bundan sonra da gerçəkləşdirərək, Azərbaycanın davamlı inkişafı naminə var qüvvənizlə çalışacaqsınız” .
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini özləri üçün örnək qəbul edən qadınlarımız indiyə qədər olduğu kimi, qarşıdakı dövrdə də ölkəmizin inkişafı, qüdrətlənməsi istiqamətində həyata keçirilən layihələrin reallaşmasında daha fəal olacaq, gənc nəslin dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyə olunmalarına daha böyük diqqət göstərəcəklər.
Hər il 8 Mart dünyada və eləcə də respublikamızda ulu öndərimizin sözləri ilə desək, cəmiyyətimizin bəzəyi, gözəlliyi olan, öz ağılları, zəkaları, bilikləri və istedadlarına görə dünyada nümunəyə çevrilən qadınların hüquq və azadlıqlarının bayram günü kimi qeyd olunur. Xanımlarımız bu əlamətdar gün münasibəti ilə təbrik edilir. Düşünürəm ki, xalqımızın ən böyülk sərvəti, ən böyük hədiyyəsi dünyaya örnək olan müqəddəs qadınlarımız, analarımızdır!
Biz onları sevirik, elə ona görə də Azərbaycan dilini ana dili adlandırırıq. Bizim üçün Vətən həm də anadır! Bayramınız mübarək, əziz qadınlarımız.
Rəşad Mahmudov,
Milli Məclisin Səhiyyə Komitəsi sədrinin müavini, YAP İdarə Heyətinin üzvü