Modern.az

Rusiya Ukraynanın itkilərini AÇIQLADI

Rusiya Ukraynanın itkilərini AÇIQLADI

Aktual

8 Mart 2022, 12:58

Müharibə başlayandan bəri Rusiya silahlı qüvvələri Ukraynada 2,5 minə yaxın hərbi obyekti məhv edib.

Modern.az xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.
 

"Əməliyyat zamanı ümumilikdə Ukraynanın 2482 hərbi infrastruktur obyekti məhv edilib. Onların arasında Ukrayna silahlı qüvvələrinin 87 komanda məntəqəsi və rabitə mərkəzi, 124 S-300, "Buk M-1" və "Osa" zenit-raket kompleksləri, həmçinin 79 radar stansiyası var", - İqor Konaşenkov deyib.


General, həmçinin qeyd edib ki, Ukraynaya məxsus “866 tank və digər zirehli döyüş maşını, 91 reaktiv yaylım atəş sistemi, 317 səhra artilleriya silahı və minaatan, 634 ədəd xüsusi təyinatlı hərbi texnika, o cümlədən 81 pilotsuz uçuş aparatı” məhv edilib.
 

Konaşenkov Ukrayna Hərbi Hava Qüvvələrinin Jitomir vilayətindəki Ozernoe aerodromunun da Rusiya Silahlı Qüvvələri tərəfindən məhv edildiyini açıqlayıb.
 

“Martın 7-də Ukrayna Hərbi Hava Qüvvələrinin Jitomir vilayətində yerləşən “Ozernoye” aerodromunda yüksək dəqiqlikli uzaqmənzilli silahlar sıradan çıxarılıb.
 

Generalın sözlərinə görə, qondarma “Luqansk xalq respublikası”nın “qoşunları” səkkiz yaşayış məntəqəsini nəzarətə götürərək 9 kilometr irəliləyib.
 

"Luqansk Xalq Respublikasının qoşunları hücum əməliyyatlarını davam etdirərək, Borsonino, Kremennaya, Peschannoye, Varvarovka, Pşeniçnoye, Epifanovka, Novodruzhesk, Beloqorovka yaşayış məntəqələrini nəzarətə götürüb. İrəliləyiş 9 kilometr olub", - Konaşenkov bildirib.
 

O, əlavə edib ki, qondarma “Donetsk xalq respublikası”nın milislərinin bölmələri Mariupoldakı Osoaviaxim məhəlləsi üzərində nəzarəti bərqərar edib.
 

Konaşenkov bildirib ki, Rusiya Aerokosmik Qüvvələri bir gündə Ukraynada 158 hərbi obyekti məhv edib.
 

“Son 24 saat ərzində Rusiya Aerokosmik Qüvvələrinin bombardmançı və hücumçu təyyarələri Ukrayna ərazisində 158 hərbi obyekti məhv edib. Ukraynanın iki zenit-raket batalyonu da sıradan çıxarılıb. S-300 hava hücumundan müdafiə sistemi, 3 Buk M-1 özüyeriyən qurğusu, 4 idarəetmə postu, 2 radar stansiyası, 9 sursat anbarı, hərbi texnikanın cəmləşdiyi 11 obyekt sıradan çıxarılıb”, - deyə o bildirib.


Rusiyalı general Ukraynanın öldürülən hərbçilərinin sayını isə açıqlamayıb.
 

Xatırladaq ki, Rusiya fevralın 24-də səhər tezdən Ukraynada müharibəyə başlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı