Modern.az

“Azərbaycana edilən müraciətlər ölkəmizin nüfuzundan xəbər verir”

“Azərbaycana edilən müraciətlər ölkəmizin nüfuzundan xəbər verir”

Aktual

9 Mart 2022, 16:57

Bu il Azərbaycanla-Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Bu gün Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolsonu qəbul edərkən, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də bu tarixi xatırladıb və hər iki dövlət arasında münasibətlərin geostrateji əhəmiyətini xüsusi vurğulayıb.

Qeyd edək ki, Avropa məkanında yerləşən digər ölkələrdən fərqli olaraq, Britaniyanın Azərbaycana münasibəti həmişə müsbət cəhətdən fərqlənib.

Bu barədə Modern.az-a danışan İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli bildirib ki, iki ölkə arasında münasibətləri təhlil edən zaman təbii ki yaxın tarixə nəzər salmaq zəruridir. Böyük Britaniya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb. Azərbaycanla Böyük Britaniya arasında 11 mart 1992-ci ildə diplomatik münasibətlər barədə saziş imzalanıb:

“O vaxt Bakıda kiçik ofislə kifayətlənməli olan Ser Brayn Fol Britaniyanın Azərbaycandakı ilk səfiri olub. Böyük Britaniyanın Azərbaycandakı səfirliyi  isə 1992-ci ilin sentyabrında ticarət nümayəndəliyi kimi fəaliyyətə başlayıb.

1993-cü ildə isə səfir Tomas Yanq ümummilli lider Heydər Əliyevə görüşü zamanı  Britaniya hökumətinin Azərbaycanın sərhədlərinin toxunulmazlığını tanıdığını bildirib və həmin dövrdə BMT Təhlükəsizlik Şurasının sədri kimi Birləşmiş Krallığının öz səlahiyyətlərindən məsələnin həllində kömək üçün istifadə edəcəyini bildirib. Tomas Yanqın bəyanatına uyğun olaraq Britaniya hökuməti 27 iyul 1993-cü ildə Ağdamın Ermənistan tərəfindən işğal olunmasına etirazını bildirdikdən bir gün sonra BMT TŞ-də müzakirələr nəticəsində quruma sədrlik edən Britaniyanın da təsiri ilə həmin rayonun işğalına qarşı 853 saylı qətnamə qəbul olunub”.

V.Hüseynlinin sözlərinə görə, təsadüfi deyil ki, 1994-cü ildə ilk dəfə həmin ölkəyə rəsmi səfər edən  Heydər Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Con Meycor ilə  iki ölkə arasında əməkdaşlıq məsələlərini tənzimləyən başlıca sazişi - Azərbaycan Respublikası və Böyük Britaniya arasında "Dostluq və əməkdaşlıq haqqında birgə bəyannamə"ni imzalayıb. Heydər Əliyev Böyük Britaniyaya ilk səfərində Azərbaycanın Birləşmiş Krallıqla əməkdaşlıqda əsas məqsədini ifadə edib:

"...Böyük Britaniyanı dünya siyasətində sanballı, siyasi çəkisi olan, dünya iqtisadi sistemində çox mühüm yer tutan, zəngin tarixi və ənənələrə malik, hərtərəfli əməkdaşlıq yaratmaqla ondan çox şey öyrənmək mümkün olan ölkə hesab edirik".

“Bu səfərlərin davamı kimi 1998-ci və 2004-cü ildə prezident İlham Əliyevin səfəri zamanı Baş nazir Toni Bleyerlə görüşündə 1998-ci ildə imzalanmış "Dostluq münasibətləri və tərəfdaşlıq haqqında bəyannamə" yenidən təsdiqlənib.
Göründüyü kimi, Britaniya Azərbaycan münasibətləri hər zaman yüksələn dinamika üzrə inkişaf edib. Hətta Britaniyanın  Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı son 30 il ərzində prinsipial mövqe tutması da ikitərəfli münasibətlər üçün çox vacib amil kimi dəyərləndirilə bilər. Son proseslərdə Azərbaycan ərazilərinin işğalçı qüvvələrdən təmizlənməsi zamanı  44 günlük müharibə dövründə bunun əyani şahidi olduq. Sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında müharibənin başlanmasından bir müddət sonra BMT-nin Təhlükəsizlik Şurasında bəzi dövlətlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-obyektiv, qərəzli mövqeni əks etdirən bəyanatın qəbul etməsinə nail olmaq istəyərkən, məhz Britaniya buna yol verməyib. O zaman Britaniyanın BMT TŞ-dəki daimi nümayəndəsi Barbara Vudvordun çevik və prinsipial mövqeyi ədalətin bərqərar olmasına kömək etmişdi. Təbii ki, belə müsbət məqamlar Azərbaycanın apardığı rasional və strateji hədəflərə istiqamətlənən xarici siyasət nəticəsində mümkün olub. Prezident İlham Əliyev bu illər ərzində digər vektorlarla münasibətlərdə olduğu kimi, Bakı və London arasında da daim gələcəyə hədəflənən və dövlətimiz üçün həssas olan məqamların həllini əsas götürən siyasət aparıb və buna davam etməkdədir”. 


V.Hüseynli onu da vurğulayıb ki, son illər prezident İlham Əliyev tərəfindən aparılan siyasət və 44 günlük müharibədən sonra dövlətimizin regionda aparıcı rola sahib olması artıq göz önündədir.

“Son dövrlər Azərbaycan prezidentinə dünyada baş verən proseslər, xüsusilə Ukrayna məsələsi ilə bağlı bir sıra ölkə rəhbərlərinin müzakirələr aparması artıq ölkəmizin və prezidentimizin siyasi nüfuzunun töhfəsi kimi qiymətləndirilə bilər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı