Müharibə çoxsaylı insan itkisi, faciə və məhv olmuş həyat hekayələri deməkdir. Qanlı döyüş səhnələrində lentə alınmış görüntülər bəzən müharibənin acımasız mənzərəsini özündə əks etdirir. Məkanlar fərqli olsa da, təsvirlər oxşardır: qanlı döyüş meydanı…
Modern.az 5 fərqli məkanda qeydə alınan döyüş səhnələrini oxuculara təqdim edir:
Ötən il may ayında İsrail və Fələstin arasında baş verən müharibə çox canlar aldı. Açılan atəşin miqyasını əks etdirən görüntü xeyli müzakirələrə səbəb olmuşdu. Əsl vahimə isə mərmilərin endiyi son məkanda yaşandı…

İsrail artilleriya bölməsi Qəzza zolağındakı hədəfləri atəşə tutur. 12 may 2021-ci il.
Digər fotoya diqqət yetirək…
Bura Suriya, Əfqanıstan, İraq deyil. Bura Azərbaycandır, daha doğrusu, Gəncə şəhəridir. Vətən müharibəsinin getdiyi günlərdə erməni terrorçuları Gəncəni hədəf alaraq, mülki insanları qətlə yetirdi. Düşmənin atdığı raketlər bir gecədə onlarla insanın həyatına son qoydu.
Bu, təkcə evlərin, binaların deyil, həm də həyatların darmadağın olduğu, dünyanın susduğu, məsum körpələrin iniltisini əks etdirən fotodur…

Azərbaycanın Gəncə şəhərində Ermənistan ordusunun uzaqmənzilli raketlərlə hücumundan sonra yaşayış binalarının dağıntıları arasında əməliyyat aparan axtarış-xilasetmə qrupunun üzvlərinin havadan görüntüləri. 11 oktyabr 2020.
Jurnalistika nədir? Cəmiyyəti xəbərlə təmin etmək, məsələni araşdırmaq, həqiqətləri demək... Bəli, həqiqətləri demək. Bu, jurnalistin işidir, onun cəzası yox!
Əfqanıstanda “Taliban”la yerli qüvvələr arasında gedən döyüşləri işıqlandıran jurnalistlər amansız işgəncələrə məruz qalıb.

Əfqanıstanın "Etilaat Roz" qəzetinin jurnalistləri Nemətullah Naqdi və Təqi Dəryabi “Taliban”ın nəzarətindən azad edildikdən sonra Kabildəki ofislərində yaralarını nümayiş etdirirlər. Onlar Əfqanıstanın paytaxtında keçirilən etiraz aksiyasını işıqlandırdıqları üçün “Taliban” döyüşçüləri tərəfindən döyülüb və saatlarla işgəncələrə məruz qalıblar. 8 sentyabr 2021.
Uşaq kimdir? Hələ dünyanı tam dərk etməyən, yeni sözlər öyrənən, oyunlarla xəyal dünyası quran balaca varlıqdır uşaq. Təəssüflər olsun ki, təqdim etdiyimiz növbəti görüntü bunun tam əksini deyir.
Bəli, bu fotoda uşaq var, söhbət dünyanın acısını yaşayan, faciənin nə olduğunu hamıdan yaxşı bilən, güllə sədaları altında böyüyən azyaşlıdan gedir...

Hələbdə üsyançıların nəzarətində olan məhəllədə hava hücumu nəticəsində ölən qohumunun cəsədi yanında ağlayan uşaq. 27 aprel 2016
Sevgi üzümüzdə həmişə gülüş yaradan incə duyğudur. Bu fotoda gülüş var, amma məğrurluq gülüşü. Bu gün toy, sabah döyüş. Bu gün gəlin çiçəyini atmaq, sabah atəş açmaq, qan tökmək.
Təqdim etdiyimiz kadr cəmi 10 gün əvvələ təsadüf edir. Məkan Ukraynadır. Qanlı döyüşlərin getdiyi ərəfədə sevgi hər şeydən önə çıxır.
Əsl sevgi budur, hər zaman, dinclikdə və müharibədə bir yerdə olmaq, yan-yana dayanmaq. Əsl vahimə isə əldə üzük yox, silah tutmaqdır.

Yeni evlənən cütlük, Svyatoslav Fursinb və Yarina Arieva Kiyevdə evləndikdən bir gün sonra döyüşə yollanırlar. 25 fevral 2022
Hazırladı: Fatma Abdulla