Çinin Vaşinqtondakı səfirliyi bildirib ki, Pekin Ukraynaya müdaxilədən sonra Rusiyanın hərbi yardım tələbi barədə “heç vaxt eşitməyib”.
Modern.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Səfirliyin sözçüsü Liu Penyu bildirib ki, Çinin prioriteti "Ukraynadakı gərgin vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaqdır".
"Ukraynadakı hazırkı vəziyyət həqiqətən də narahatlıq doğurur. İndi əsas vəzifə gərgin vəziyyətin gərginləşməsinin və hətta nəzarətdən çıxmasının qarşısını almaqdır", - deyə o söyləyib.
Qeyd edək ki, daha əvvəl “Financial Times” yazıb ki, Rusiya Ukraynaya işğalını dəstəkləmək üçün Çindən hərbi texnika tələb edib. Rəsmilər nəşrə bildiriblər ki, Rusiyanın bəzi silahlarının tükəndiyinə dair işarələr var.
Eyni zamanda, ABŞ Çinə xəbərdarlıq edib ki, Rusiyaya Ukraynanı işğal etmək və ya Qərbin sanksiyalarından yayınmaq üçün istənilən kömək cəhdinə adekvat cavab veriləcək.