Bir neçə gün öncə Azərbaycan İranla Zəngəzur dəhlizinə alternativ yolun inşası barədə anlaşdı. İki ölkə arasında imzalanan sənədə əsasən, Ermənistan sərhədi ilə 5 kilometr məsafədən keçən yol Şərqi Zəngəzur rayonunu Naxçıvanla birləşdirəcək. Bura avtomobil və dəmir yolu, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılması daxildir.
İranla razılaşma hansı alternativləri Azərbaycana qazandırır?
Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı sabiq hərbi attaşesi, briqada generalı Yücel Karauz Modern.az-a prosesləri şərh edib.
Generalın sözlərinə görə, Azərbaycan və İran arasında dəhliz razılaşmasının əldə edilməsi rəsmi Bakının xarici siyasətinin, beynəlxalq əlaqələrinin qazandığı qələbədən irəli gəlir:
“Çünki bu anlaşma ilə bölgənin strategiyası, siyasi görünüşü tamamilə dəyişir. Yeni saziş qüdrətli liderlik, siyasi diplomatik uğur, yüksələn xalqın mənəvi dəyərləri sayəsində mümkün olub. İkinci olaraq, bu anlaşma artıq Türkiyə və Azərbaycanın bölgədə siyasi və iqtisadi balansı dəyişdirə bilmə gücünə malik olduğunun sübutudur. Çünki bütün bölgə ölkələri və dünyadakı dövlətlər gördü ki, Azərbaycan və Türkiyənin birləşdirilmiş gücü nəyə qadirdir. Yeni platformanın kənarında qalmaq istəməyən ölkələr bizlərə ayaq uydurmağa çalışacaq”.

“Üçüncü vacib məqam isə İranın 30 il sonra da olsa, real siyasətlə barışması, daha əvvəl etdiyi yanlışlardan dönməsi və bölgədə sülhə, əlaqələrə, iqtisadiyyata qatqı verməsi çox vacib məsələdir. Çünki İran Amerika və Qərb ölkələri tərəfindən iqtisadi sanksiyalara məruz qalıb. Yeni saziş İranı iqtisadi, sosial olaraq bölgədə balanslaşdıracaq. Razılaşmanın əldə edilməsi üçün Azərbaycan və Türkiyə böyük işlər görüb. Türkiyə xarici işlər naziri Çavuşoğlu İrana səfər edib, Azərbaycan tərəfi İranla hər zaman əlaqədədir. Bunların hamısı vacib əməllərdir”,- general İranla diplomatik əlaqələrə toxunub.
Sabiq hərbi attaşe bildirib ki, yeni sazişlə Ermənistan regional layihələrdən kənarda qalacaq:
“Naxçıvanı Azərbaycana, Azərbaycanı Türkiyə ilə birləşdirən dəhlizin İran torpaqlarından keçməsi Ermənistandan açılması planlaşdırılan Zəngəzur dəhlizinin alternativi olacaq. Digər bir vacib məqam Rusiya faktorudur. İndiyə qədər Cənubi Qafqazda ölkələr arasında balansdan Qarabağdakı müharibəyə qədər məsələlər Rusiyanın nəzarəti altında idi. Rusiya indeksi burada vacib faktordur. Bu dəhlizin açılmış olması əslində bölgədə rus nəzarəti eyhamına da ciddi zərbə vuracaq.
Müharibə zamanı düşmənə qarşı dəmir yumruğunu göstərən Azərbaycan dövləti indi xarici siyasətdə də masaya dəmir yumruğunu vura bilir. Masaya dəmir iradə qoyaraq problemlərin məntiqli yolla həllini tapır”.