“İnsanın atasını itirməsi dərin kədərdir. Mən çox kədərliyəm".
Modern.az-ın xəbərinə görə, bunu Bakıda jurnalistlərə açıqlamasında mərhum Xalq yazıçısı Rüstəm İbrahimbəyovun oğlu Fuad İbrahimbəyov deyib.
F.İbrahimbəyov atasının Azərbaycanda dəfn edilməsinə şad olduğunu dilə gətirib: "Atamın vəfatı gözlənilməz oldu. Amma şadam ki, o, vətənində dəfn ediləcək. Atamı sevənlər gəlib məzarını ziyarət edə biləcəklər. Əlbəttə o, böyük insan, möhtəşəm ata idi”.
O bildirib ki, atası ölümqabağı dostlarına salam çatdırmasını istəyib: “O, son sözündə bütün dostlarına salam söylədi. Dedi ki, əgər ölsəm, mənim bütün köhnə dostlarımı qucaqla, onlara sevgimi çatdır”.
Xatırladaq ki, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən Rüstəm İbrahimbəyov martın 12-nə keçən gecə 83 yaşında vəfat edib.
Rüstəm İbrahimbəyov 1939-cu fevralın 5-də Bakıda, əslən Şamaxıdan olan Məhəmməd İbrahimbəyov və Fatimə Məşədibəyovanın ailəsində anadan olub. O, Azərbaycan Neft və Kimya İnsitutunu bitirib, sonralar Moskvada S.A.Gerasimov adına Rusiya Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnib. Onun əsərləri əsasında 50-dən çox bədii film, televiziya filmləri və tamaşalar çəkilib.
R.İbrahimbəyov Moskvada yaşayırdı.
Kinodramaturq iki dəfə nikahda olub. Hər evlilikdən onun bir övladı doğulub – oğlu və qızı...
Onun cənazəsi bu gün Azərbaycana gətirilib. Mərhum Birinci Fəxri Xiyabanda dəfn ediləcək.
Elmar Hüseynov