Modern.az

Bu proseslərin davamlı olması xüsusi əhəmiyyət daşıyır

Bu proseslərin davamlı olması xüsusi əhəmiyyət daşıyır

Aktual

16 Mart 2022, 13:00

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi ölkəmizin energetika tarixində mühüm hadisədir. Bu, həmçinin Azərbaycanın zəngin neft və qaz yataqlarına sahib bir ölkə kimi ətraf mühitin qorunmasına verdiyi töhfə, yaşıl enerjiyə keçid istiqamətində nümayiş etdirdiyi əməli addım kimi də qəbul oluna bilər.


Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib. 


Millət vəkili qeyd edib ki, 230 meqavat gücündə olan bu stansiya həm Azərbaycanın enerjiyə artan tələbatını ödəməklə yanaşı, ölkəmizin ixrac imkanlarını da genişləndirəcək:

 

“Məlum olduğu kimi, Azərbaycan və İran hökumətləri arasında imzalanan memaranduma əsasən, ölkəmizin əsas ərazisini Naxçıvan MR-lə birləşdirəcək dəhlizin yaradılması nəzrədə tutulub. Dəhliz Azərbaycanın elektrik enerjisi ixracatçısı kimi imkanlarını daha da artıracaq. Düşünürəm ki, Qaradağ Günəş Elektrik Stansiyası Azərbaycanın həm də beynəlxalq müstəvidə elektrik enerjisi ixracatçısı kimi mövqelərinin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir”.

 

Azər Kərimlinin sözlərinə görə, Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi həm də ölkəmizdəki investisiya mühitinin təşviqi baxımından da önəmlidir:

 

“Sevindirici haldır ki, belə bir böyük layihə dünyada tanınmış və bu sahədə böyük təcrübəsi olan “Masdar” şirkətinin sərmayəsi ilə həyata keçirilir. Bu, bir daha Azərbaycanın xarici sərmayələrə açıq və cəlbedici ölkə olduğunu təsdiqləyir. Bununla yanaşı, “Masdar” şirkəti tərəfindən sərmayənin Azərbaycanın qeyri-neft sektoruna yatırılmasını da xüsusi qeyd etmək istəyirəm. Bu, Azərbaycanın prioritetlərinə cavab verməklə yanaşı, həm də qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsi baxımından da müsbət tendesiya kimi qiymətləndirilməlidir. Prosesin davamlı olması isə xüsusi əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, cəmi 3 ay öncə Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə birlikdə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyulub, o zaman ölkəmizin öz hədəflərinə doğru necə sürətlə irəlilədiyini görə bilərik”.


Millət vəkili Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən səsləndirilən fikirlərə, irəli sürülən təşəbbüslərə də diqqət çəkib:

 

“Görüş zamanı Azərbaycandan Avropaya daha çox qaz nəql olunması, həmçinin mənbələrin şaxələndirilməsi ilə bağlı səsləndirilən fikirlər, gələcəkdə ölkəmizdən qaz kəmərləri vasitəsi ilə  yaşıl enerjinin bir forması olan hidrogenin icracı barədə dilə gətirilən məqamlar, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji layihələrinin nə qədər uzaq strateji hədəflərə hesablandığını bir daha təsiqləyir. Şübhəsiz ki, bütün bu perspektiv layihələrin təməlində Prezident İlhan Əliyevin uzaqgörən siyasəti, strateji düşüncəsi və Azərbaycanı etibarlı, vazkeçilməz tərəfdaşa çevirmək qətiyyəti dayanır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı