Martın16-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Novruz bayramı münasibətilə respublikanın 76 rayonunda yaşayan 4015 aztəminatlı ailəyə ərzaq dolu maşın karvanı yola salıb.
Modern.az xəbər verir ki, AHİK tərəfindən, həmçinin Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının hesabına bayram sovqatı məqsədilə 50 min manat məbləğində vəsait köçürülüb. Bu barədə qərar AHİK-in İcraiyyə Komitəsinin 2022-ci il 4 mart tarixli iclasında qəbul edilib.
Vətəndaşların rifah halının yaxşılaşdırılması, onların qarşılaşdıqları problemlərin həlli, xüsusilə şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına, aztəminatlı ailələrə diqqət və qayğının göstərilməsi Prezident İlham Əliyevin daxili siyasət kursunun ana xəttini təşkil edir. Ölkəmizdə bu istiqamətdə müxtəlif layihələr icra olunur və həssas əhali qruplarından olan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox mühüm işlər görülür. Bu sahədə dövlət qurumları ilə yanaşı, ölkəmizin aparıcı ictimai təşkilatları da fəal iştirak edir, öz dəstəklərini əsirgəmirlər.
Həssas qrupdan olan insanlara diqqət və qayğının göstərilməsi, onların problemlərinin həlli istiqamətində Heydər Əliyev Fondunun zəngin fəaliyyəti nümunədir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələr, xüsusi qayğıya ehtiyacı olan vətəndaşlar daim diqqətdə saxlanılır, bayramlarda, əlamətdar günlərdə onlara sovqatlar, hədiyyələr göndərilir. Bundan başqa, sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün Fond tərəfindən bayram süfrələri təşkil olunur.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da ölkəmizdə həyata keçirilən sosial layihələrin əsas iştirakçılarından biridir. AHİK İcraiyyə Komitəsinin qərarları əsasında dəfələrlə respublikamızın rayonlarına sovqat dolu maşın karvanı yola salınıb. Belə ki, 2020-ci (29 aprel) və 2021-ci illərdə (17 mart) respublikanın 76 şəhər və rayonunda yaşayan 3900 həssas və aztəminatlı ailəyə yardım edilib.
Qeyd edək ki, ötən il ikinci yardım mayın 8-də göndərilib və yenə həmin sayda şəhər və rayonu əhatə edən 4 min ailəyə kömək göstərilib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında yaşayan min şəhid və qazi ailəsinə, pandemiyadan zərərçəkənlərə, aztəminatlı ailələrə sovqatlar paylanılıb.