Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Baş Gömrük İdarəsinin həbs edilmiş işçilərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Modern.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmdə bildirilib ki, ibtidai istintaq zamanı onlardan bəzilərinin hüquqları pozulub. Bəzi hallarda təqsirləndirilən şəxslərə əsassız ittiham verilib.
Məhkəmə iş üzrə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi üzrə bəraət verib.
Təqsirləndirilən şəxslər 311.3.1-ci maddə ilə təqsirli biliniblər. Təqsirləndirilən şəxslərin hər birinin barəsində 62-ci maddə tətbiq edilib və onların əməli dövlət üçün ictimai təhlükə törədən cinayət hesab edilməyib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərdən bir nəfər - Elmar Mirzəyev 5 il azadlıqdan məhrum edilib. Sadiq İsgəndərov, Rafael Əzizov, Orxan Zöhrabov, Emin Xəlilov, Azər Baxşıyev və Ceyhun Şabanov 9 ay müddətinə azadlıqdan məhrum ediliblər. Onlar həmin müddət başa çatdığından məhkəmə zalından azadlığa buraxılıblar. Digər təqsirləndirilən Mirağa Ağayevə isə bəraət verilib.
Qeyd edək ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılan gömrükçülər rüşvət almaqda təqsirli bilinərək, barələrində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi açılmışdı.