Azərbaycanda koronavirus infeksiyasına yoluxma sayı getdikcə azalır. Artıq COVID-19 virusu tədricən ölümcül xətəlik imicini itirməkdədir. Ölkədə aparılan vaksinasiya prosesi sayəsində yoluxanlar arsında ağırlaşma və ölüm halları azalıb.
Azərbaycanda koronavirusla mübarizə təkcə vaksinasiya prosesindən ibarət deyil. Bu infeksiya ilə mübarizə tədbirlərinə dəstək məqsədilə rəsmi fond da yaradılıb.
Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılıb. Fondun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.
Maraqlıdır, Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan vəsait hazırda nə qədər təşkil edir?
Modern.az-ın məlumatına görə, Fonda həm milli, həm də xarici valyutada ianələr edilir.
Hazırkı rəsmi məlumata görə, Fonda yığılan ianələrin məbləği aşağıdakı kimidir:
113.816.519 manat
156.982 ABŞ dolları
87.453,7 avro
500 funt sterlinq
150.000 rubl
Qeyd edək ki, Fond fiziki və hüquqi şəxslərdən könüllü ödəmələr qəbul edir.