Ermənistan parlamenti martın 22-də başlayacaq dördgünlük iclasında Qarabağla bağlı vəziyyəti müzakirəyə çıxaracaq.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “müzakirələr zamanı Qarabağda humanitar vəziyyət, təhdidlər və təxirəsalınmaz tədbirlər mövzuları” gündəmə çıxarılacaq.
“Joğovurd” qəzeti yazır ki, parlamentdəki hakim “Mülki müqavilə” fraksiyası yaxın vaxtlarda (bəlkə də bu gün) baş nazir Nikol Paşinyanın şəxsən iştirak edəcəyi iclas keçirəcək.
Baş nazir və hakimiyyət deputatları gələn həftədən başlayaraq parlamentin dördgünlük iclasının gündəliyini müzakirə edəcək və hansı təşəbbüslə bağlı hansı mövqedən çıxış etməli olduqlarına aydınlıq gətirəcək.
“Biz Paşinyanın Azərbaycanın təqdim etdiyi 5 bəndlə bağlı danışacağını gözləyirik, çünki onlar təkcə cəmiyyət daxilində deyil, fraksiya daxilində də suallar doğurub. Deputatlar Paşinyanın həmin təklifləri necə şərh etdiyini birinci ağızdan bilmək istəyirlər”, - hakim “Mülki müqavilə” fraksiyasından bildirilib.
Xatırladaq ki, rəsmi Bakının Ermənistana təqdim etdiyi 5 bənddən ibarət sülh təklifləri aşağıdakılardan ibarətdir:
1. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
2. Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
3. Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.