“Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev 44 günlük müharibə zamanı hədəf kimi yalnız hərbi infrastrukturun götürülməsi və mülki əhali ilə bağlı çox ehtiyyatlı olmaq kimi ciddi tapşırıq vermişdi. Təbii ki, Ali Baş Komandanın tapşırığına əsasən Azərbaycan Ordusu hərbi əməliyyatlarda ancaq düşmənin hərbi obyektlərini hədəf alıb. Hətta düşmənin mülki obyektlər yaxınlığında yerləşdirdiyi raket və artilleriya qurğuları da dinc əhaliyə zərər vurulmadan yüksək dəqiqliklə zərərsizləşdirilib”.
Bu sözləri Modern.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan pokovnik Şair Ramaldanov deyib. Onun sözlərinə görə, Azərbaycan dünya hərb tarixində ləyaqətli müharibə nümunəsinə imza atıb.
“Boşuna deyilmir ki, Azərbaycan 21-ci əsrin tələblərinə uyğun müharibə apardı. 21-ci əsrin tələblərinə uyğun müharibə o deməkdir ki, 4-cü və 5-ci nəsil müasir silahlarla yüksək dəqiqliklə hərbi obyetklərin vurulması və mülki əhali arasında itkini minimuma endirən əməliyyatdır. 21-ci əsrin müharibəsinin salnaməsini Azərbaycan öz ərazilərində düşməni məhv etməklə, torpaqlarını azad edərək haqq-hüququ bərpa etməklə yazıb”, - deyə hərbi ekspert bildirib.

Rusiya və Ukrayna arasında davam edən savaşa gəlincə, ekspert mülki əhali arasında itkilərin olmasını diqqətə çatdırıb:
“Rusiya-Ukrayna müharibəsinə gəldikdə, hər iki ölkə bizə yaxındır. Təəssüflər olsun ki, müharibədə mülki insanlar da zərər çəkirlər. Burada əgər Rusiyanı günahlandırırıqsa, deməliyik ki, Ukraynanın da bunda səhvi var. Bu səhv hərbi vasitələrin, yayılım raketlərinin, artilleriyanın mülki obyektlərin arasında yerləşdirilməsidir. Bu da təbii ki, mülki obyektlərin zərər görməsinə, mülki əhalinin ziyan çəkməsinə səbəb olur. Müharibə hərbçilərin və mülki əhalinin arasında itki olmadan keçmir. Mən hesab edirəm ki, Rusiyada kifayət qədər hədəfi dəqiqliklə vura bilən hərbi vasaitələr var. Məhz bu silahlardan istifadə edərək hərbi obyektlər hədəf götürülməli, mülki əhalinin zərər çəkməsinin qarşısı alınmalıdır”.

Polkovnikin sözlərinə görə, Azərbaycan digər ölkələrdən fərqli olaraq haqq savaşını zərgər dəqiqliyi ilə aparıb:
“Mən deyərdim ki, Azərbaycanın müharibəsi Rusiya-Ukrayna müharibəsi fonunda əsl zərgər dəqiqliyilə aparılıb. Bizdə videomaterillar var ki, müharibədə ancaq hərbi obyektlər hədəf götürülüb. Azərbaycan Ordusu bütün beynəlxalq hüquq normalarına, konvensiyalara uyğun olaraq müharibə aparmaq əzmində olduğunu bütün dünyaya göstərdi. 44 günlük Vətən müharibəsi ilə Azərbaycan bütün dünyaya humanizm dərsi verdi. Məlumdur ki, müharibələr ola bilər. Ancaq mülki obyektlər bundan zərər görməməlidir. Müasir texnologiyalar, silahlar buna imkan verir”.