Modern.az

Daun sindromlu uşağından imtina edən ailə 5 il sonra onu geri götürüb

Daun sindromlu uşağından imtina edən ailə 5 il sonra onu geri götürüb

Aktual

18 Mart 2022, 13:28

“Bəzi insanlar misilsiz dərəcədə dəyərli olan bu şəxsləri düzgün qiymətləndirə bilmirlər. Müəyyən səbəblərdən bəzi valideynlər daun sindromlu övladlarına yük kimi baxır, onların sosiallaşmasına yetərincə diqqət ayırmırlar. Əksinə, düzgün istiqamətləndirilmiş daun sindromlu şəxs bir çox sahələrdə daha da bacarıqlı ola bilər. Məsələn, bu sindromla doğulan uşaqların əksəriyyəti incəsənətə meyilli olurlar, hətta dahilik potensialına malikdirlər”.

 

Modern.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Uşaq Psixonevroloji Mərkəzinin direktoru Kəmalə Talıbova 21 mart Ümumdünya Daun Sindromlu İnsanlar Günü ilə bağlı danışarkən bildirib.


K. Talıbova qeyd edib ki, bu uşaqlara ayrıca məktəb yox, xüsusi yanaşma olmalıdır və onlar təcrid olunmayaraq adi məktəblərdə inkluziv təhsil almalıdırlar:

 

“Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əsas vəzifə əmək prosesində uşaqların zehni funksiyalarının inkişafı və çatışmazlıqlarının mümkün qədər tez düzəldilməsinə çalışmaqdır. Daun sindromlu uşaqların tərbiyəsi, onların düzgün davranişının formalaşdırılması əsas diqqət vərdişlərinin qurulmasına yönəlməlidir. Bütün uşaqlar kimi onlar da oynamağı, rəqs etməyi, oxumağı, yeni nəsə öyrənməyi sevirlər. Onlar istək ifadə etməyi bacarmalı, özünü qoruya bilməli və ya təhlükədən qaçmagı bacarmalıdır. Birinci növbədə bu uşaqları cəmiyyətdən ayırmamalı və onların cəmiyyət içərisində böyüməsinə, yaşamasına, inkişaf etməsinə kömək etmək lazımdır.

 

Daun sindromlu insanların təhsil ala bilməməsi, işləyə bilməməsi və uğur qazana bilməyəcəyi fikirləri yanlışdır. Onlar arasında dünyaca məşhur insanlar var - aktyor Paskal Düken, rəssam Raymond Hu və s. Daun sindromlu bir insanın yaşam müddəti yaşayış keyfiyyətindən və şərtlərindən asılıdır, hətta 80 yaşadək yaşayanlar olub.

 

“Çox zaman valideynlər onların övladının daun sindromlu olması ilə barışmaqda çətinlik çəkirlər. Bizim göstərdiyimiz diqqət və sevgi ilə bərabər, valideynlər də öz qayğılarını və sevgilərini bu uşaqlardan əsirgəməməlidilər. Daun sindromlu uşaqlara qulluq etmək böyük diqqət və dözüm tələb edir, onlarla səbrlə davranmalıdılar. Təbii ki, ailə sevgisi bütün sevgilərdən üstündür. Hətta bizim uşaqlardan birinin ailəsi ondan imtina etmişdi və 5 ildən sonra ailə uşağı geri götürdü. Daun sindromlu uşaqlara xüsusi və düzgün yanaşma zamanı onlara gündəlik həyatda tələb olunan minimal məişət və kommunikasiya vərdişlərini öyrətmək mümkündür”, - həkim bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı