Modern.az

“Xan” gülsə, təlxəklər onu suya atır – Naxçıvanın fərqli ADƏTLƏRİ

“Xan” gülsə, təlxəklər onu suya atır – Naxçıvanın fərqli ADƏTLƏRİ

Aktual

18 Mart 2022, 15:04

Novruz Azərbaycanın qədim və milli bayramlarından biri kimi özünəməxsus adətləri ilə sevilir. Bu bayramı gözəlləşdirən ənənələrimiz illərlə qorunub, bu günə kimi gəlib çıxıb. Baharın gəlişini tərənnüm edən atributlar eyni olsa da, bölgələrdə bayram fərqli şəkildə qeyd olunur. Hər rayonun və şəhərin bir-birindən maraqlı adətləri bayram günlərində diqqət çəkir.  

 

Novruzun qeyri-adi adətləri nədən ibarətdir?

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya Fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulovanın sözlərinə görə, Novruzun ənənələrinin asimilyasiyaya uğramadan dövrümüzə qədər gəlib çıxması və öz qədimliyini hələ də qoruyub saxlaması onun bəşəri xüsusiyyətlərindən irəli gəlir.

 

Oğul atadan süfrə qurmağı, qız anadan tikiş tikməyi öyrənir

 

“Xalqımızın, xüsusən də gənclərin milli adət-ənənələrə, geyimlərə, bayramlara olan həvəsi, sevgisi azalmayıb. Milli geyimlərin hazırlanması primitiv olduğundan yaxın keçmişdə analar öz övladlarına rahatlıqla bu paltarları tikirdi. Eyni zamanda, elimizin adətlərindən biri də o idi ki, gəlin öncə tikiş tikməyi bilməli idi. Hətta belə bir məsəl də var: “Oğul atadan süfrə qurmağı, qız anadan tikiş tikməyi öyrənər”. Necə deyərlər, gəlin “yırtıqlı-yamaqlı” olmalı idi.

 

Novruzun adətlərindən biri də bayramda həmişə təzə paltar geyinilməsidir. Təzə geyim hamıda, xüsusən də uşaqlarda xoş ovqat yaradır. Necə ki, təbiət təzələnir, eləcə də əyin-baş yenilənir. Bunlar həm də bayram sevincini iki qat artırır”, - Gülzadə Abdulova deyib.

 

Ordubadda ilaxır çərşənbədə meydanda olan hər kəs bərabər olur

 

Etnoqraf Naxçıvan Muxtar Reslublikasında Novruz bayramı ilə əlaqədar fərqli adətlərin olduğunu söyləyib:

 

“Ümumiyyətlə, bayram Şəki-Zaqatala, Qarabağ zonası, Naxçıvan bölgəsində, cənub rayonlarımızda xüsusi təntənə ilə qeyd olunur. Hətta Naxçıvanda “Xan bəzəmə” adəti var. Belə ki, xanı bəzəyib meydanda otuzdururlar və bir nəfər gəlib onu güldürməlidir. Bu düz bir həftə davam edir. Əgər xan onun hərəkətlərinə gülərsə, onu suyun içinə salıb isdadardılar. Bu həm də bir növ xalq tamaşası xarakteri daşıyırdı. Həmçinin, insanların bir yerə toplaşmasına, deyib-gülməsinə şərait yaradırdı. Başqa maraqlı adətlərədən biri də İlaxır çərşənbə günü Ordubadda yaşanır. Həmin vaxt meydanda olan hər kəs iş, maddi, sosial baxımından bərabər hesab olunur. Fərqi yoxdur, vəzifəli, uşaq, böyük, balaca hamı bir-birinə qaynayıb-qarışır. Hər kəs bir olurdu, birlik olurdu”.

 

“Xan bəzəmə”

 

Adətlərə görə, Ordubad rayonunda bayram ərəfəsində bir nəfər “xan” seçilir və o, üç gün əsl “xan” kimi geyindirilir, başına tac qoyulur. Meydanda hündür taxt düzəldib “xan”ı ora dəvət edirlər. İki nəfər balaca uşaq “xan”ı yelpiklə yelləyir. Kim istəyir könüllü ona qulluqçu olur.

 

Qız-gəlinlər, qonaqlar meydanın dövrəsinə düzülüb tamaşa edirlər. “Xan”ın yanına bəzənmiş xonçalar, səmənilər düzürlər. “Xan”ın əmrinə hamı tabe olur. Hərə öz qabiliyyətini nümayiş etdirir. Arada təlxəklər gəlib “xan”ı güldürməyə çalışırlar. “Xan” isə gərək ciddiliyini qorusun, gülməsin. Əgər gülsə, onu hovuzdakı suya basırlar, sonra təzə “xan” seçirlər. Meydanda bir qab qoyurlar. Hamı ora xələt atır. Əgər “xan” üç gün vəzifəsinin öhdəsindən yaxşı gəlsə, bu xələtlər ona çatır.

 

Bundan əlavə, bayram axşamı Ordubad rayonunun kəndlərində dağların başında tonqal qalamaq ənənəsi də var. Kəndin cavanları əvvəlcədən hazırlıq işləri görər, lazım olan yanacaqları dağın zirvəsinə qaldırarlar. Gün batana yaxın tonqallar alovlandırılır. Ulu Dədə Qorqudun dediyi kimi, bütün dağların zirvələrində alovlandırılan bayram, şənlik tonqalları el bayramının təntənəsindən soraq verir. Həmin gün xonçalar bəzənər, qoz, fındıq, püstə, kişmiş, mövüc, şabalıd, cürbəcür meyvələr, hədiyyələr, boyanmış yumurtalar tabaqlara yığılıb nişanlı qızlara aparılar. Çox zaman qırmızı lent bağlanmış səməniləri apararlar. Bu da həmin evə xeyir-bərəkət, ruzi gətirsin deyə mənalandırılır.

 

Fatma Abdulla

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı