Modern.az

Bayramda bu saatdan sonra yemək yeməyin! 

Bayramda bu saatdan sonra yemək yeməyin! 

Aktual

19 Mart 2022, 15:26

Artıq Novruz bayramının bir addımlığındayıq. Hamılıqla baharın gəlişini səbrsizliklə gözləyirik. Bayramı təmtəraqlı edən Novruzun simvolları ilə yanaşı bərəkətli süfrələrin açılması, insanların bir-birilərini təbrik üçün qonaq gəlməsidir. Süfrələrin bol olması kənardan xoş görünsə də, sağlamlığımızı da düşünməyi unutmamalı, qidalanmaya mütləq diqqət etməliyik.

 

Bəs bayramda necə qidalanmalıyıq?

 

Dietoloq Ofelya Tahirova Modern.az-a bildirib ki, bayramda zəhərlənmə hallarının baş verməsinin əsas səbəbi müxtəlif yeməklərin bişirilməsi və həmin qidaların bir neçə gün uyğun olmayan qaydada saxlanılmasıdır.

 

Onun sözlərinə görə, bayram günlərində undan hazırlanmış qidalardan uzaq durmaq, tərəvəzə üstünlük vermək sağlamlığımız üçün faydalıdır.

 

“Məsləhət görərdim ki, yeməklərin yanında tərəvəzlər də olsun. Əgər ət yeməklərindən istifadə ediləcəksə, yanında mütləq mayonezsiz, üstünə duru yağ gəzdirilmiş tərəvəz məhsulları da olmalıdır. Ağır yeməklərdən çəkinmək və axşam saat 6, 7-ə kimi süfrədən qalxmaq məqsədəuyğun olardı.

 

Bundan əlavə, mütləq şəkildə gün ərzində 2.5 litr maye qəbul etmək vacibdir. Eyni zamanda, bayram günləri və sonrakı günlərdə hərəkətdə olmaq faydalıdır. Un məmulatlarından çəkinmək lazımdır, qazlı və şirəli içkilərdən çox az miqdarda istifadə etmək olar. Qidalarla birgə belə məhsulların qəbulu köp, qəbzlik və digər problemlərə yol aça bilər”.

 

Ofelya Tahirovanın sözlərinə görə, şirniyyatları doyumluq yox, dadımlıq qəbul etmək sağlamlığımız üçün daha az zərərlidir:

 

“Mən əslində orqanizmə zərərli olsa da, bayramda ümumiyyətlə heç nə yeməməyin tərəfdarı deyiləm, çünki bu, ildə bir dəfə olur. Amma, burada incə nüans var. Şirniyyatları - paxlava, şəkərbura, qoğal – axşam saatlarına saxlamayaq və günün birinci yarısında qəbul edək. Daha çox dadımlıq kimi qəbul etsək, yaxşı olardı. Əks halda yüksək qan təzyiqi olanlar, şəkər xəstələri, ürək-qan-damar sistemində xəstəliyi olan, yaşlı və çəkisi çox olan, piylənmədən əziyyət çəkən insanlar risklə üzləşə bilərlər. Orqanizmi sağlam olan şəxslər üçün qorxulu deyil, çünki bayram uzun müddət davam etməyəcək. Buna baxmayaraq, düzgün qidalanmaya üstünlük vermək məsləhətdir”.

 

Fatma Abdulla

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı