Modern.az

Biz qalib ölkəni, müzəffər xalqı təmsil edirik...

Biz qalib ölkəni, müzəffər xalqı təmsil edirik...

Aktual

19 Mart 2022, 08:32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. Gənclərdə vətənpərvərlik hissləri daim yüksək olmalıdır. Vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı. Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu da vətənpərvərlikdən irəli gəlir.”

 

Prezident İlham Əliyevin Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçıları ilə cari ilin 17 mart tarixində görüşü oldu. Ölkə rəhbəri Azərbaycanın idma¬nın bütün növlərində, o cümlədən güləşdə rəqabətin ildən-ilə artdığını, müxtəlif ölkələrdə keçirilən yarış-larda güclü idmançılarımızın üzə çıxdığını vurğulayaraq, bu sahədə yüksək mübarizə şəraitinin möv¬cud olduğu Avropada birinci yerə yüksəlməsini böyük nailiyyət kimi dəyərləndirib.

 

Prezident İlham Əliyev daha sonra güləşin Azərbaycanda idma¬nın bütün növləri arasında xüsusi yer tutduğunu, milli idman növü olaraq daim diqqətdə saxlanıldığını, ölkəmizin bütün dövrlərdə – istər sovet, istərsə də müstəqillik illərində həm də güclü güləşçilərimizlə tanındığını diqqətə çatdırıb: “Bizim güləşçilərimiz Azərbaycanı müxtəlif yarışlarda ləyaqətlə təmsil ediblər. Bizim bir çox Olimpiya, dünya, Avropa çempionlarımız var. Əlbəttə, güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdür və şadam ki, indi gənc nəsil bu ənənələri davam etdirir. Əminəm ki, bu yaxınlarda medallar qazanmış idmançılar arasında gələcəyin Avropa, dünya və Olimpiya çempionları olacaqlar. Nəsildən-nəslə keçən bu təcrübə, bilik, səriştə əminəm ki, Azərbaycanı bundan sonra da dünya miqyasında aparıcı güləş ölkələrindən birinə çevirəcəkdir. Hər halda Avropada gənclər arasında biz birinciyik və mənə verilən məlumata görə, çempionatda 34 ölkə iştirak edirdi. Bunu nəzərə alaraq, bir daha qeyd etmək istəyirəm ki, bu, doğrudan da böyük nailiyyətdir...”.

 

Azərbaycan Prezidenti çıxışında idmançılarımızın uzun illər ərzində ölkəmizi dünyada ləyaqətlə təmsil etdiklərini diqqətə çatdıraraq, idmanın dövlət siyasəti olduğunu, prioritet istiqamət kimi daim diqqətdə saxlanıldığını və bu sahədə qabaqcıl dövlətlərin sırasında yer aldığını bildirib. Məhz elə buna görə də beynəlxalq idman qurumları tərəfindən Azərbaycana hər zaman böyük rəğbətlə yanaşılıb. Bunun məntiqi nəticəsidir ki, respublikamızda indiyədək dünya səviyyəli iki tədbir–Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları keçirilib. Təkcə bu fakt, yəni bir ölkədə, bir şəhərdə cəmi iki il ərzində iki böyük tədbirin gerçəkləşdirilməsi beynəlxalq idman ictimaiyyətinin, federasiyalarının Azərbaycana olan münasibəti kimi dəyərləndirilib.

 

Dövlətimizin başçısının nitqində idmançılara müraciəti də diqqət çəkib: “Siz gənclər artıq başqa Azərbaycanı təmsil edirsiniz. Siz qalib gəlmiş müzəffər xalqı təmsil edirsiniz. Əminəm ki, o arenaya çıxanda sizin ürəyinizdə mütləq bu duyğular olmalıdır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq, o cümlədən İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar... Biz qalib ölkəni, müzəffər xalqı təmsil edirik. Biz müharibəni ləyaqətlə aparmışıq, bütün müharibə qanunlarına riayət edərək aparmışıq. Biz mülki əhaliyə qarşı vuruşmamışıq, biz binaları bombalamamışıq, biz qəddarlıqla məşğul olmamışıq...”.

 

Yeri gəlmişkən, xatırladaq ki, Vətən müharibəsində döyüşlərin ilk günündən acı məğlubiyyətini hiss edən Ermənistan informasiya mübarizəsini demək olar ki, yalan üzərində qurmuşdu, ordumuzun bir qarış olsun belə irəliləyə bilmədiyi barədə erməni ictimaiyyətinə saxta, həqiqətdən uzaq məlumatlar ötürmüşdü. Bu, Şuşa işğaldan azad ediləndən sonra şəhərdə Azərbaycan bayrağı ucalana qədər davam etmişdi. Bu miqyasda saxta, yalan xəbərlərin yayılmasında əsas məqsəd isə işğalçı ordunun onsuz da tam sarsılan mənəvi-psixoloji vəziyyətinin iflasa uğramasının qarşısını almaq idi. Amma bu məğlubiyyəti gizlətmək, pərdələmək mümkün deyildi. Ona görə də həqiqət tez bir zamanda üzə çıxandan sonra Ermənistan ordusunda fərarilik halları daha da geniş vüsət almağa başlamışdı.

 

Azərbaycanda ümumbəşəri, multikultural dəyərlərin, bütün millətlərin və etnik azlıqların mədəni irsinin qorunub saxlanılığı, birgə yaşanıldığı halda, Ermənistanın monoetnik dövlət olaraq digər xalqların mədəni irsinə, mənəvi dəyərlərinə qarşı barışmaz mövqeyi onların müasir dünyada mənfur bir topluma çevrilməsini göstərir. Müharibə dövründəki əməlləri və müharibədən sonra işğaldan azad edilmiş torpaqlardan edilən reportajlar bunların bir daha təsdiqidir.

 

Dövlətimizin başçısı çıxışının sonunda azad edilmiş torpaqlarda idmanın inkişafına da xüsusi önəm veriləcəyini xatırladaraq, indidən bu işlərlə məşğul olunduğunu, Qarabağ və Şərqi Zəngəzurda stadionlar, idman kompleksləri və digər idman qurğularının tikiləcəyinin bütün şəhərlərin Baş planlarında öz əksini tapdığını da diqqətə çatdırıb.

 

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı