Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə genişmiqyaslı islahatlar aparılacağını bildirib.
Modern.az xəbər verir ki, prezident bazar ertəsi Almatıda Novruz bayramı münasibətilə keçirilən tədbirdə çıxışı zamanı belə deyib.
“Bizi qarşıda genişmiqyaslı islahatlar gözləyir, yeni Qazaxıstan qurulacaq. Sizinlə, gənclərlə birlikdə bu yeni ölkəni, yeni Qazaxıstanı, ikinci respublikanı mütləq quracağıq və buna nail olacağıq”, - deyə o, şəhər sakinlərinə müraciət edib.
Dövlət başçısı xatırladıb ki, yanvar iğtişaşları zamanı Almatı quldurların və terrorçuların əsas ağırlığını öz üzərinə götürüb, günahsız insanlar həlak olub, əziyyət çəkib, şəhərin infrastrukturuna külli miqdarda ziyan dəyib.
“Almatılılar, buna görə sizə minnətdaram, dövlətçiliyimiz üçün misli görünməmiş təhlükə qarşısında çəkinmədiniz. Kritik məqamda toplaşdınız, bütün ölkə sizinlə idi. Xalqımızın birliyi və həmrəyliyi sayəsində biz bu sınaqdan çıxdıq”, - deyə Tokayev bildirib.