Əkbər QOŞALI
ABŞ Prezidenti Azərbaycan Prezidentinə məktub göndərib. Novruz bayramı münasibətilə göndərilən məktubda ABŞ-ın Azərbaycana verdiyi böyük dəyər, eləcə də respublikamızın həyata keçirdiyi siyasətə dəstək ifadə olunub.
(Məktubun orjinalında (ingilis dilli mətnində) məhz "Novruz bayramı" ifadəsinin yazılması diqqətəlayiqdir. Hazırda dünyanın supergücü sayılan ölkənin rəhbəri bizim milli bayramımıza biganə qalmamış, üstəlik onu Azərbaycanca yazmaqla səmimi jest etmişdir).
Məktubda ABŞ-ın Azərbaycanın barış, işbirliyi, özəlliklə təhlükəsizlik və bəşəri tərəqqiyə verdiyi töhfələri yüksək dəyərləndirdiyi vurğulanıb. Dünyanın indiki qarışıq vaxtında, hələ-hələ nəzərlərin Rusiya-Ukrayna savaşına kilidləndiyi bir dönəmdə təhlükəsizlik mövzusu sövq-təbii önplana çıxır. Əfqanıstan başda olmaqla, təhlükəsizlik məsələlərinin həllində ABŞ-la Azərbaycanın ortaq maraqlarının uzlaşdırılması ənənəsi vardır. Bu ənənə enerji təhlükəsizliyi örnəyində də özünü göstərir.
Qlobal problemlərin çözümündə ABŞ-ın iradəsi, Azərbaycanın güvənli tərəfdaşlığı bilinən bir həqiqətdir.
Əlbəttə, zamanında ABŞ-ın Minsk qrupunun həmsədri kimi öz imkanlarını ədalətli sülh adına səfərbər etməsi yaxşı olardı; lakin Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təkbaşına həll etməklə nəyə qadir olduğunu göstərmişdir. Və bu, ölkəmizin ləyaqətini göstərn amilə çevrilmişdir.
O cümlədən qalib ölkə ləyaqəti ilə bütün kommunikasiyaların açılması, ədalətli sülhün təsisi bizim üstünlük verdiyimiz xətdir. "3+3" bölgəsəl işbirliyi platformu, Zəngəzur dəhlizi kimi ideyalar, gerçək layihələr ABŞ-ın tərəfdar olduğu dəyərlərlə uyğunluq təşkil edir. Özəlliklə, Azərbaycanın sivilizasiyalar və mədəniyyətlərarası dialoq ünvanı olması, ölkəmizdə ayrı dinə, ayrı etnik kimliyə malik insanların mehriban yaşaması Azərbaycan fərqi, Azərbaycan dözümlülüyü, Azərbaycan ləyaqətidir.
Bu anlamda, aid olduğumuz bölgədə barışığın təşviqi barədə (məktubda vurğulanan) fikrin ABŞ-ın həm də (və özəlliklə) Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanmasına dəstəyi kimi qəbul edə bilərik. Yəni ABŞ-ın (bütövlükdə aparıcı dünya dövlətlərinin, beynəlxalq ictimaiyyətin) müharibənin sonuclarını və yaranmış yeni geosiyasi gerçəkliyi qəbul etməsini görməkdəyik. Bu gerçəkliyi biz yaratmışıq: Azərbaycan tarixi Zəfərə imza atmağı da, Zəfərin sonuclarını zamanın beynəlxalq çağırışlarına uyğun yönəltməyi də bacarır. Biz uğursuz dövlət deyilik ki, uzun illər "qalib ədası" ilə sülh saxtakarlığı edək; bizim dövlətçilik ənənəmiz, dövlət ədəb-ərkanımız, ədalətimiz, sülh mədəniyyətimiz var.
Bəli, ABŞ-ın Azərbaycanla qarşıdan gələn dövrdə də sıx işbirliyində maraqlı olması və bunun yalnız köhnə (ənənəvi) sahələr üzrə deyil, həm də yeni əməli çalışma sahələri üzrə davam etdiriləcəyi məktubun leytmotivini təşkil edir:
"Bu il Birləşmiş Ştatlarla Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyidir. Bu ildönümünü qeyd etdiyimiz bir zamanda Administrasiyam Güney Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir. Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik. Birləşmiş Ştatlar hökuməti adından Sizə və Azərbaycan xalqına ən xoş arzularımı yetirirəm".
Azərbaycan Prezidentinin 60 illik yubileyi münasibətilə çoxsaylı məktublar daxil olmaqla, ondan sonrakı əlamətdar günlər, hadisələrlə bağlı dünya liderlərinin cənab Prezidentə ünvanlandığı məktublar, telefon zəngləri dövlət başçımızın beynəlxalq nüfuzunun parlaq ifadəsidir.
Qədim və zəngin mədəniyyətə malik Azərbaycanın Müzəffər Ali Baş Komandanının böyük nüfuzu onun gördüyü işlərin, irəli sürdüyü təşəbbüslərin dəyərinin, idrakının və qəbulunun göstəricisidir. Dünyada yüksək sayğı öz-özünə yaranmır; bu, gərgin əməyin, təcrübənin, rəhbərin imzası qədər keçərli sözünün, bir sözlə, güvənin təntənəsidir.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!