Bir neçə gün öncə gənc idmançılarımız Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatında ölkəmizi ləyaqətlə təmsil etmiş, böyük uğura imza atmışlar. Bu yarışmada komanda hesabında ölkəmizin komandası birinci yerə layiq görülmüşdür: gənc güləşçilərimiz yeddisi qızıl olmaqla on altı medal əldə etmişlər. Müasir dövrdə idmanın bütün növlərində, həmçinin də güləş idman növündə ildən-ilə artan daha ciddi tələblər, daha ciddi və güclü rəqabət olduğu bir zamanda Avropada birincilik qazanmaq böyük hünər və nailiyyətdir.
Sevindirici bir hal olmaqla yanaşı, eyni zamanda, bu, dövlətin gənclər və idman siyasətinin uğurlu və təbii nəticəsidir. Qeyd etmək lazımdır ki, Azərbaycan artıq bir çox sahələrdə olduğu kimi, idman sahəsində də özünü layiqincə təqdim edir. İdmançılarımızın müxtəlif beynəlxalq turnirlərdə, dünya və Avropa çempionatlarında qazandıqları nailiyyətlər, əldə etdikləri mükafat və medallar beynəlxalq idman təşkilatlarında ölkəmizin mövqeyini xeyli gücləndirmiş və bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınmaqdadır.
Son illərdə Azərbaycanda mükəmməl idman infrastrukturu yaradılmışdır, bu gün ölkəmizin hər yerində müasir Olimpiya İdman Kompleksləri tikilmiş və idmançıların ixtiyarına verilmişdir. Bakı «Olimpiya» Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, "Baku Crystall Hall", Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, "Bakcell Arena", Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzi və digər idman kompleksləri müxtəlif növ yarışların keçirilməsinə imkan verir.
"Bakı-2015" ilk Avropa Oyunlarının da məhz Azərbaycanda keçirilməsi nüfuzlu idman təşkilatlarının ölkəmizə bu sahədə yüksək etimadlarının göstəricisidir. Bir neçə ildir ki, Azərbaycan "Formula-1" Qran-Pri yarışmalarına uğurla ev sahibliyi edir və bu gunlərdə Avropa futbol çempionatının 4 oyununa da ev sahibliyi edəcək. Belə tədbirlərin qədim tarixə, zəngin mədəniyyətə və adət-ənənələrə, yüksək tolerantlıq mühitinə və qonaqpərvərliyə malik olan Azərbaycanda keçirilməsinin əhəmiyyəti danılmazdır: bu, həm ölkəmizin bütün dünyada nüfuzunu artırır, eyni zamanda, Respublikamızda yeni, gənc idman nəslinin yetişməsinə mühüm təsir göstərir. Qeyd etmək lazımdır ki, dövlətin işgaldan azad edilmiş torpaqlarımızda apardığı bərpa və quruculuq işlərinin də prioritet sahələrindən biri məhz idmana göstərilən qayğıdır. Bu ərazilərimizdə idman komplekslərinin yaradılması, məskunlaşmadan sonra isə gənclərin bu sahəyə dərindən bağlanmaları üçün xüsusi tədbirlər həyata keçirilir.
İdmanın inkişaf etdirilməsi və gənclər arasında geniş təşviqi ölkənin siyasətinin prioritet istiqamətlərindən biri olaraq daim Respublikamızın Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. Gənclər arasında idmana olan maraq, geniş idman ordusunun yaranması və idmançılarımızın əldə etdikləri uğurlar dövlət siyasəti və dövlət başçısının şəxsi qayğısının məntiqi nəticəsidir. Buna görə də gənclərimizin, peşəkar idmançılarımızın mötəbər idman yarışlarında, müxtəlif idman turnirlərində imza atdıqları uğurlar bu gün təbii bir prosesin məntiqi davamı kimi qiymətləndirilməlidir. Belə nəticələr xalqımıza sevinc və qürur hissi gətirir. Bu, Azərbaycanın inkişafına gənclərimizin verdikləri töhfələrdir.
Bu günlərdə gənc güləşçilərimizin Bolqarıstanda əldə etdikləri nailiyyət də bu qəbildəndir. İdmançılarımızın, ümumiyyətlə, gənclərimizin bütün sahələrdə əldə etdikləri uğurları daim diqqət və qayğı ilə qarşılayan dövlət rəhbəri həmişəki ənənəsinə sadiq qalaraq, güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını da qəbul etmiş, əldə etdikləri qələbə münasibətlə idmançıları və onların məşqçilərini, Güləş Federasiyasını şəxsən təbrik etmişdir. Azərbaycan idmanında güləşin xüsusi yeri və önəmini onun milli idman növü olması ilə izah edərək bu ənənələri qorumağın və davam etdirməyin əhəmiyyətini xüsusi vurğulamışdır. İdmançılarımızı təbrik edən dövlət başçısı bu qələbədən hamının qürur duyduğunu qeyd etmişdir: "Dövlət himnimiz yeddi dəfə səsləndirildi. Əlbəttə ki, həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarsılayıblar".
İdmançılarımızın bu növbəti qələbəsi Azərbaycanın qalib və qüdrətli dövlət olduğunu, idmana və bütövlükdə humanist tədbirlərə böyük önəm verdyini nümayiş etdirdi.
Ülviyyə Ağayeva
Milli Məclisin deputatı