Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov seçildiyi dairənin əhatə etdiyi kəndlərdə şəhid ailələri və qazilərlə görüşüb, onları Novruz bayramı münasibətilə təbrik edib.
Modern.az xəbər verir ki, keçirilən görüşlərdə Vətənimizin ərazi bütövlüyü uğrunda öz canlarını qurban verən qəhrəmanlarımızın müqəddəs ruhları dərin hörmət və ehtiramla yad edilib.
Görüş zamanı şəhid ailə üzvləri və qazilər bu savaşın xalqımızın haqq işi olduğunu, qəhrəman övladlarımızın öz canlarını fəda edərək bizə tarixi Qələbə bəxş etdiklərini bildiriblər. Şəhid ailə üzvləri övladlarının keçdikləri döyüş yollarından danışıb, onlarla bağlı xatirələrini bölüşüblər. Şəhidlərimizin ruhu və şəhid anaları qarşısında hər zaman baş əydiyini bildirən millət vəkili ölkə Prezidentinin şəhid ailələrinə və qazilərə qayğı ilə bağlı verdiyi tapşırıqların icrasından ötrü bundan sonra da lazımi tədbirlərin görüləcəyini, onların arzu və istəklərinin yerinə yetiriləcəyini bildirib.
Şəhid ailə üzvləri və qazilər onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildiriblər.
