Modern.az

Müharibənin bir ayı - nə gözlənilirdi, nəticə necə oldu...

Müharibənin bir ayı - nə gözlənilirdi, nəticə necə oldu...

Aktual

26 Mart 2022, 11:22

Artıq Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasının 33-cü günüdür. Ötən müddət ərzində hər iki tərəf xeyli sayda canlı qüvvə və hərbi texnika itirib. Rusiyanın hücumu zamanı Ukraynanın mindən çox dinc sakini ölüb, 3 milyondan çox vətəndaşı ölkəni tərk edib. Geridə qoyduğumuz müddətdə iki ölkə rəsmiləri arasında 4 dəfə üz-üzə görüşüb keçirilib, daha sonra danışıqlar videoformatda davam etdirilib.

 

Müharibənin bir ayının nəticələri barədə Modern.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanovun sözlərinə görə, Ukrayna çoxdan düşünülmüş ssenarinin qurbanı oldu.

 

“Ukrayna qurbandır”

 

Ekspert hesab edir ki, Rusiyanı zəiflətmək, sanksiyalar tətbiq edərək ölkəni nüfuzdan salmaq istəyən qüvvələr Ukraynanı qurban seçib:

 

"Bəzi ölkələr Ukraynanın yanında olacağını desələr də, biz bunu müşahidə etmədik, bu ancaq de-fakto həyata keçirildi. Həmin qüvvələr Ukraynaya müəyyən maddi yardımlar etmək, silah göndərməklə kifayətləndi. Müharibə Ukrayna ərazisində gedir. Dağılan bu ölkənin şəhərləri, infrastrukturu, iqtisadiyyatıdır. Əhali qaçqın düşüb. Prinsip cəhətdən Rusiya ordusu döyüşdə məhdud şəkildə iştirak edir. Cəbhənin genişliyi 800 km-dən çoxdur. Demək olar ki, 10 gün bundan öncə Ukraynanın paytaxtı Kiyevdə, digər böyük şəhərlərdən biri olan Xarkovda döyüşlər gedirdi. Bundan əlavə, Mariupol işğal olunub. Ukraynanın dənizə çıxışı demək olar ki, məhdudlaşıb. Təkcə Odesssa şəhəri qalıb. Düşünürəm ki, bu şəhərin də işğal olunma ehtimalı çoxdur”.

 

 

Ş. Ramaldanov Ukrayna-Rusiya müharbəsini dörd mərhələyə bölərək ötən bir ayda iki ölkə arasında yaşanan hadisələri şərh edib:

 

Birinci mərhələ

 

“Birinci mərhələ Rusiyanın Prezidenti Vladimir Putinin Təhlükəsizlik Şurasını yığıb, bu məsələni qoyması, Ukraynanın sərt mövqeyi ilə qarşılaşdıqdan sonra Putinin Donetsk və Luqanskın müstəqilliyini tanıması idi”.

 

İkinci mərhələ

 

“Müharibənin başlanmasını ikinci mərhələ kimi dəyərləndirərdim. İlk sülh danışığına qədərki dövrdə Rusiya ciddi yox, daha çox kəşfiyyat – irimiqyaslı döyüşlər üçün hazırlıq xarakterli əməliyyat həyata keçirirdi”.

 

Üçüncü mərhələ

 

“Sülh danışıqlarından sonra Ukraynanın yanaşmasından razı qalmayan Rusiya, fikrimcə, artıq üçüncü mərhələyə - hücumları sürətləndirmək, hərbi əməliyyatların miqyasını genişləndirmək fazasına daxil oldu. Hazırda Ukraynanın dənizə çıxışı bağlanıb və bununla şərq hissə demək olar ki, yarı mühasirəyə alınıb”.

 

Dördüncü mərhələ

 

“Artıq danışıqların müəyyən perspektivi göründü və bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın irəli sürdüyü şərtləri qəbul etmək fikri var. Bu hissəni dördüncü mərhələ adlandırardım. Bu həm də danışıqların siyasi yolla hədəfə nail olmasıdır”.

 

 

Bundan əlavə, polkovnik dağıntıların və itkilərin Ukrayna ərazisində olması məsələsinə də toxunub. Bu mənada o düşünür ki, uduzan tərəf məhz Ukraynadır:

 

"Düzdür, Ukrayna xalqı, dövlətin silahlı qüvvələri öz ölkələrinin müdafiəsinə qalxdı, amma təbii ki, Rusiya ilə Ukraynanın güc strukturlarını eyniləşdirmək olmaz. Ukrayna gözləmirdi ki, meydanda tək qalacaq. O Qərbə və NATO ölkələrinə güvənirdi. Uduzan tərəf Ukraynadır. Bu gün dağıntılar, itkilər onun ərazisindədir. Döyüş meydanı yaşayış obyektləri, mülki infrastrukturdur. Zelenski artıq danışıqlara getmək, Rusiyanın şərtlərini qəbul etmək istəyir. Əgər bunu öncədən etsəydi, indi nəticə də belə olmazdı".

 

 

Müharibə gələn ay başa çata bilər

 

Ehtiyyatda olan polkovnik Rusiya-Ukrayna müharibəsinin gələcəyi ilə bağlı proqnozlarını açıqlayıb. Onun sözlərinə görə, müharibənin nəticəsi Rusiyanın öz hədəflərinə nə dərəcədə nail olmasından aslıdır:

 

“Rusiya bütün imkanlarından istifadə edəcək ki, öz siyasi hədəflərinə nail olsun. Belə düşünülür ki, Ukrayna rəhbərliyi qərarları özü qəbul etmir, rəhbərlik addımlarını sifariş xarakterli, hansısa qüvvələrin təsiri altında atır. Bu sülh danışıqları fonunda da hiss edilir. Müharibənin nəticəsi Rusiyanın öz hədəflərinə nə dərəcədə nail olmasından aslıdır. Düşünürəm ki, müharibə çox çəkməyəcək. Növbəti ayda müharibə yekunlaşa bilər. Ümid edirik ki, iki ölkə müdrik qərar qəbul edərək, müharibəni sonlandıracaq”.

 

Fatma Abdulla

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı