Türkiyənin 6 müxalifət partiyasının liderləri yenidən bir araya gəlib.
Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, görüş DEVA Partiyasının sədri Əli Babacanın dəvəti ilə baş tutub.
Mətbuata qapalı keçirilən toplantıda CHP lideri Kamal Kılıçdaroğlu, İYİ Partiya sədri Meral Akşener, Səadət Partiyasının sədri Temel Karamollaoğlu, Demokrat Partiyasının sədri Gültekin Uysal, DEVA Partiyasının sədri Əli Babacan və Gələcək Partiyasının sədri Əhməd Davudoğlu iştirak edib.
Görüşün detalları mediaya açıqlanmayıb. Partiyaların birgə bəyanat yayacağı gözlənilir.
Ehtimal olunur ki, danışıqların əsas müzakirə mövzusu gələn il Türkiyədə keçiriləcək prezident seçkiləri olub.
Qeyd edək ki, Türkiyədə 2023-cü ilin iyun ayında növbəti prezident seçkiləri keçiriləcək. Seçkilərə bir ildən çox vaxt qalmasına baxmayaraq, Türkiyə cəmiyyətində indidən müzakirələr qızışıb, prezidentliyə iddia edən bəzi namizədlər ortaya atılıb.