Modern.az

Ordumuzun indi dayandığı yer Fərruxdursa, sabah Xankəndi olacaq...

Ordumuzun indi dayandığı yer Fərruxdursa, sabah Xankəndi olacaq...

Aktual

28 Mart 2022, 08:57

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

 

Azərbaycan Ordusunun Fərrux dağı ərazisində dislokasiya etməsi, bəzi ölkələrin iç üzünü bir daha açmış oldu. Vaşinqtonu uzaqdan dilə gətirsə də, Moskvanı yaxında lap səksəndirdi.

Öncə illərdir Qarabağ ermənilərini qucağında bəsləyən Rusiyanın hərbi idarəsinin “sülhməramlılarla” bağlı gündəliyində “martın 24-dən 25-dək Azərbaycan Respublikasının silahlı qüvvələri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının müddəalarını pozaraq, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olub və Dağlıq Qarabağ ərazisində müşahidə məntəqəsi qurub”, üstəlik “Bayraktar-TB 2” tipli pilotsuz uçuş aparatı Fərrux yaşayış məntəqəsi ərazisində Dağlıq Qarabağ silahlı birləşmələrinin bölmələrinə 4 zərbə endirib” kimi məlumatı ilə əsl məramının nə olduğunu açıq şəkildə sübut etdi.

Maraqlıdır, bəs bu “sülhməramlılar” necə sülhməramlıdır ki, xəcalət çəkmədən dilinə “Dağlıq Qarabağ silahlı birləşmələri” və “bölmələri” sözünü gətirir?! Digər tərəfdən məgər o adı çəkilən üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən, “sülhmərəmlılar” Azərbaycanın suveren ərazilərindən “Dağlıq Qarabağ” silahlı birləşmələrini öz gəlişləri ilə paralel olaraq çıxarmayacaqdılarmı?!

Bundan başqa, Azərbaycanla Rusiya arasında bu ilin 22 fevralında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə necə oldu? Məgər mürəkkəbi hələ qurumamış o bəyannamənin elə 1-ci bəndində “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar” yazılmayıbmı?!

Cənablar, o zaman siz hansı üzlə və ya haqla “Azərbaycan Respublikasının silahlı qüvvələri Dağlıq Qarabağ ərazisində müşahidə məntəqəsi qurub” deyirsiniz?! Məgər siz Azərbaycanda artıq belə bir adda ərazi vahidinin ləğv olunduğunu və bu yerlərin Azərbaycanın beynəlxalq təşkilatlar, eləcə də dünya ölkələri tərəfindən tanınmış sevren ərazisi olduğunu dərk etmirsinizmi? Siz hansı haqla Azərbaycanın müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və daxili işinə qarışırsınız?!

Adı çəkilən bəyannamənin 11-ci - “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar” bəndi necə, hər şeyi aydın demirmi? O zaman niyə indiyədək müvəqqəti olaraq sizin məsuliyyətinizə verilən  silahlı erməni quldur dəstələrini saxlayıb Azərbaycan hüquq mühafizə orqanlarına təhvil vermirsiniz? Axı bu bəyannamənin 18-ci bəndində “Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər” yazılıb. Əgər bütün bu verilən suallara cavab verə bilmirsinizsə, demək “ruslarla bağlanan müqavilə suya yazılan yazı kimidir”, deyimi burada öz təsdiqini tapır. Çünki siz bununla separatizmi, terroçuluğu dəstəkləyir və qonşu ölkənin suveren ərazisinə, həmçinin daxili işinə müdaxilə edirsiniz.

Azərbaycanın haqq işi ilə bağlı Ermənistan və separatçı rejimin dünyaya hay salmasından sonra, maraqlıdır ki, hazırda Ukraynada separatizmə qarşı açıq mübarizə aparan və onun ordusunun döyüşlərini suveren ərazi bütövlüyü çərçivəsində haqlı olaraq görüb dəstəkləyən ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsi Calina Porter jurnalistlərlə keçirdiyi brinfinqdə, Azərbaycan Ordusunun öz suveren ərazisində dislokasiya etməsini  “qəbuledilməz” adlandırması isə heç bir kitab-dəftərə sığmır. Görünür, bu qadın ya Azərbaycandan xəbərsizdir, ya da Amerikada Kardaşyanla rəfiqəlik edib həmrəng olmasalar da, həmxasiyyət olublar. Çünki bu, ədalətsizliyin və paradoksallığın kuliminasiya nöqtəsidir! Axı bu, necə olur, beynəlxalq qanunlarda Azərbaycana dost olan Ukraynanın suveren ərazi bütövlüyü ali, Azərbaycanınkı isə adi qəbul olunur?!

Odur ki, Porter, həmçinin onun dünyaya demokratiya dərsi keçən, insan hüquqlarından bəhs edən ölkəsi - ABŞ bilməlidir ki, Qarabağdan zorən didərgin düşmüş 750 min Azərbaycan vətəndaşı, məhz bu separatçı-terrorçu erməni quldur dəstələrinin təhdidi üzündən düz 30 ildir ki, hələ də öz doğma yurd-yuvalarına dönə bilmirlər.

Sonda, istər ABŞ-ın, istərsə də Rusiyanın Azərbaycan Ordusuna “əvvəlki mövqelərinə” geri qayıtmaq barədə çağırış etməsi ilk növbədə ATƏT-in “ölmüş” Minsk qrupu üzvələri olaraq, onların Azərbaycana qarşı ədalətsiz mövqe tutmalarını bəlkə də 1000-ci dəfə sübut etdi. Burada mövqeyi bəlli olan Fransanı heç yada salmağa dəyməz. Ancaq kimliyindən asılı olmayaraq hər kəs anlamalıdır ki, Azərbaycan Ordusu öz ölkəsi daxilində istənilən yerdə dayana bilər. Azərbaycanın hər bir qarışı Ordusunun dayana biləcək mövqeyidir. İndi əgər dayandığı yer Fərruxdursa, sabah Xankəndi, Xocalı, Ağdərə və Xocavənd olacaq. Bu, heç kimi narahat etməməlidir. Çünki bu haqq davasında geriyə çəkilməyə yer yoxdur. Hazırda Azərbaycan Ordusu dayanan bu yerin isə həm önü, həm də gerisi Vətəndir!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı