“NATO Rusiyada hakimiyyəti dəyişmək məqsədi güdmür”.
Modern.az saytı xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz ARD telekanalının efirində ABŞ prezidenti Co Baydenin şənbə günü Polşada verdiyi açıqlamaları şərh edərkən deyib.
"Rusiyada hakimiyyəti dəyişmək NATO və ya Amerika prezidentinin məqsədi deyil. Biz Ağ Evdə uzun müddət danışdıq. Hər ikimiz də yekdil fikirdəyik ki, bizim apardığımız siyasətin mövzusu və məqsədi bu deyil”.
Şolz fikrincə, onların məqsədi “Rusiya və Ukrayna arasında, Zelenski və Putin arasında bir növ razılaşmaya nail olmaqdır.
Aparıcının Baydenin söz seçimində “təhlükəli səhvə” yol verib-vermədiyi sualına kansler belə cavab verib: “Xeyr. Güman edirəm ki, o, dediyini deyib”.
Şolz onu da əlavə edib ki, Almaniya demokratiyanı dünyada yaymaq istəyir, lakin hər bir ölkədə azadlıq uğrunda mübarizə öz vətəndaşlarından asılıdır.
Varşavaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putindən danışan Bayden “bu adam hakimiyyətdə qala bilməz” bəyanatını verib. Ağ Ev daha sonra əmin edib ki, ABŞ lideri Rusiyada hakimiyyət dəyişikliyinə çağırış etməyib. Öz növbəsində, Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Federasiyasında kimin hakimiyyətdə olacağına Amerika prezidenti qərar vermək səlahiyyətində deyil.