Bir neçə gün öncə Bakıda üç uşaq anası Ülviyyə Həsənova həyat yoldaşı Saməddin Həsənov tərəfindən qısqanclıq zəminində qətlə yetirilib. Hadisədən əvvəl qadın həyat yoldaşı ilə dalaşaraq üç övladı ilə birlikdə paytaxtdakı sığınacaqlardan birinə müraciət edib. Sonra yaxınlarının təkidilə həyat yoldaşı ilə barışmaq qərarına gəlib. Lakin Ü.Həsənova evə getməyə hazırlaşarkən, sığınacağın qarşısındakı küçədə əri tərəfindən öldürülüb. Onun azyaşlı övladları "Ümid yeri" sığınacağının himayəsinə verilib.
Modern.az-ın əldə etdiyi məlumata görə, anaları dünyasını dəyişən azyaşlı bacılar qohumları tərəfindən tərk edilib. Hadisənin baş verməsindən iki həftədən çox vaxt keçsə də, nə ana, nə də ata tərəfdən qohumları onlara baş çəkib, hal-əhval tutub. Bu müddət ərzində azyaşlılarla heç kim maraqlanmayıb. Kimsəsiz qalan uşaqlar hələ də sığınacaqdadırlar. Onlar indiyədək nə baş verdiyini belə bilmirlər, analarının xəstə olduğunu düşünürlər.
Qeyd edək ki, uşaqların hər üçü qızdır. Onlar 3, 9 və 10 yaşlarındadır.
Xatırladaq ki, martın 13-də baş vermiş hadisə ilə bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Samməddin Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Fatma Abdulla