Bu gün Türkiyə prezidentinin İstanbuldakı Dolmabağça sarayında Rusiya və Ukrayna heyətləri arasında növbəti danışıqlar keçiriləcək.
Modern.az xəbər verir ki, yerli vaxla saat 09:30-da keçiriləcək görüş mətbuata qapalı olacaq.
Danışıqlar ərəfəsində nüfuzlu “Financial Times” qəzeti iki ölkənin İstanbula hansı təklif və kompromislərlə gəldiyi haqda qeydlərini dərc edib.
Qəzet yazır ki, Rusiya Ukraynaya qarşı tələblərinin əksəriyyətindən imtina etməyə hazırdır.
Moskva Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsində, üçüncü ölkələrin hərbi bazalarının yerləşdirilməməsində israr edir və Ukraynanın nüvə silahı yaratmağa təşəbbüs etməyəcəyinə zəmanət istəyir.
Eyni zamanda, Moskva Ukraynanın Avropa İttifaqına daxil olmasına, ABŞ, Britaniya və digər ölkələrin təhlükəsizlik zəmanətlərinə razılıq verməyə hazırdır.
Qəzet qeyd edir ki, saziş layihəsində nə “demilitarizasiya”, nə “denazifikasiya”, nə də rus dilinin statusunun təminatı barədə şərtlər var.