Modern.az

İrəvan sülh istəyirsə, bu prinsipləri qəbul etməlidir! - ŞƏRH

İrəvan sülh istəyirsə, bu prinsipləri qəbul etməlidir! - ŞƏRH

Aktual

29 Mart 2022, 12:18

Ermənistan Respublikasının Təhlükəsizlik Şurası Qarabağ ətrafındakı vəziyyətlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, Ermənistan Təhlükəsizlik Şurası Qarabağ ətrafında təhlükəsizlik vəziyyətini müzakirə edib. Bundan əlavə, Azərbaycana sülh sazişi üzrə dərhal danışıqlara başlamaq üçün təklif irəli sürülüb. 


“Hazırkı vəziyyətdə Təhlükəsizlik Şurası Ermənistan Respublikasının əvvəllər səsləndirdiyi mövqeyini bir daha təsdiq etməyi zəruri hesab edir və Azərbaycan Respublikasını hərtərəfli sülh sazişi üzrə danışıqlara dərhal başlamağa dəvət edir”,- deyə bəyanatda vurğulanıb.

 

İrəvandan Bakıya verilən dəvət barədə Modern.az-a danışan politoloq İlqar Vəlizadə bildirib ki, Ermənistan bundan əvvəl də belə çağırışlar edib, lakin səmimi olmadıqlarını nümayiş etdiriblər. 

 

Politoloq hesab edir ki, sülh müqaviləsi müəyyən prinsiplər üzərində işlənilməlidir:

 

“Bu prinsiplər barədə bizim Xarici İşlər Nazirliyimiz məlumat verib. Bunlar çox aydın prinsiplərdir. Ərazi bütövlüyünün tanınması, ərazi bütövlüyünün toxunulmazlığının tanınması kimi baza prinsiplər qeyd olunub. Digər ölkələr də bu prinsipləri təqdim edirlər. Ermənistan tərəfi bununla bağlı müəammlı cavab verib. Cavab bizi qane etməyib. Deyirlər ki, buradakı şərtlər qəbulolunmazdır. Bunlar şərt deyil, prinsiplərdir. Şərtlə prinsip arasında fərq var. Biz heç kimin qabağında tələb qoymuruq. Sadəcə olaraq beynəlxalq hüquqa uyğun prinsiplərimizi açıqlayırıq”.

 

 

İlqar Vəlizadə qeyd edib ki, bu prinsipləri qəbul etmədən sülh sazişinin üzərində işləmək qəbul edilə bilməz:

 

“Əlbəttə, bu məqsədəuyğun olmazdı. Sazişin mətni özündə bu prinsipləri ehtiva etməlidir. Boş ritorika, boş çağırışlar, yəqin ki, xarici dairələrə hesablanıb. Bu çağırışların heç bir əhəmiyyəti yoxdur. Əgər Ermənistanın sülh istəyi varsa, onlar bunu konkret əməllərlə göstərməlidir. Çağırışlar sülh danışıqları aparılmasının əlaməti ola bilməz”.

 

 Bundan əlavə, politoloq 30 iilik təcrübəni xatırladıb: “Bizim Ermənistan ilə 30 illik münasibətlərimiz  göstərir ki, onlar heç vaxt danışıqlarda konstruktiv mövqe tutmayıb. Bunlar deyirdilər ki, guya onlar Azərbaycan ilə Ermənistan arasındakı münaqişənin tənzimlənməsində maraqlıdırlar. Maraqlıydılarsa, niyə heç bir addım atmırdılar. İndi də bənzər vəziyyət yaranır. Danışıqlarda maraqlı olduqlarını deyirlər, ancaq əməldə real heç nə yoxdur”.

 

Xatırladaq ki, rəsmi Bakı Ermənistana 5 bəndlik sülh təklifi irəli sürüb. Azərbaycan XİN-in İrəvana göndərdiyi sülh təklifləri aşağıdakılardan ibarətdir:


1. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

 

2. Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

 

3. Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

 

4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

 

5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

 

İrəvan isə Azərbaycanın təkliflərinə qeyri-obyektiv münasibət sərgiləyərək, məsələ ilə ATƏT-in Minsk qrupunun məşğul olması ideyasını irəli sürüb. Ermənistanın Bakıya ünvanladığı cavab İrəvanın destruktiv mövqeyini nümayiş etdirir. Bu, ondan xəbər verir ki, İrəvan 30 illik fəaliyyəti dövründə heç bir iş görməyi bacarmayan Minsk qrupunu yenidən səhnəyə gətirməyə çalışır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?