Modern.az

Xarkovdan təxliyə edilən Milli Qəhrəmanın ailəsi Bakıya bu tarixdə gətiriləcək

Xarkovdan təxliyə edilən Milli Qəhrəmanın ailəsi Bakıya bu tarixdə gətiriləcək

Aktual

29 Mart 2022, 14:37

Bir neçə gün əvvəl Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin ailəsi Ukraynadakı müharibə bölgəsindən çıxarılaraq Moldovada yerləşdirilib. Artıq onların Azərbaycana göndərilməsi üçün lazımı işlər görülür.

 

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Modern.az-a açıqlamasında bildirib ki, Milli Qəhrəmanın ailəsi apreldə Bakıya göndəriləcək.

 

“Onların nə istəyi varsa, biz hamımız səfirlik əməkdaşları olaraq yerinə yetiririk. Ailə üçün ayrıca ev tutulub. Viktor Seryoginin anası Qalina xanım xəstəxanada müalicə alır, biz gətirəndə qadın insult vəziyyətində idi. Ailə aprelin 3-ü və ya 4-ü Bakıya yola salınacaq. Artıq hər şey həll olunub. Dünən Ukraynanın səfiri, konsulu ilə görüş keçirdik. 82 yaşlı ananın 13 ildir pasportu yox idi, düzəldildi ki, Azərbaycana göndərilə bilsin. Ailənin eyni zamanda iki pişiyi var, onlar üçün də sənəd hazırlanıb. Ailə sağ-salamat Bakıya göndəriləcək”,- səfir bildirib.

 

Qeyd edək ki, Milli Qəhrəmanın ailə üzvləri hərbi əməliyyatların başa çatmasını gözləyirdilər, lakin martın 17-də onların evinə mərmi düşdükdən sonra təxliyə üçün müraciət etmək qərarına gəliblər. Azərbaycan dövlətinin dəstəyi ilə Milli Qəhrəmanın ailə üzvləri Xarkovdan təxliyə olunub.

 

Xatırladaq ki, Viktor Seryogin Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olub.

 

1992-ci il yanvarın 28-də onun idarə etdiyi və bortunda 47 sərnişinin olduğu Mi-8 mülki vertolyotu erməni mövqelərindən atılan "Stinger" istilik raketilə vurulub. Havada partlayış və salonda yanğın baş verdikdən sonra Seryogin düşməkdə olan təyyarəni Şuşa şəhərinin yaşayış məhəllələrindən uzaqlaşdıra bilib. Seryogin ekipaj və sərnişinlərlə birlikdə həlak olub. O, Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. 

 

1992-ci ilin noyabrında ona ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanın adı verilib. 

 

Milli Qəhrəmanın ailə üzvləri hərbi əməliyyatların başa çatmasını gözləyirdilər, lakin martın 17-də onların evinə mərmi düşdükdən sonra təxliyə üçün müraciət etmək qərarına gəliblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı