Rusiya qoşunlarının Kiyev və Çerniqov vilayətlərindən çıxarılması Ukrayna ilə İstanbulda aparılan danışıqlardakı irəliləyişlə bağlıdır.
Modern.az xəbər verir ki, bu bəyanatla Rusiya Federasiyasının Müdafiə Nazirliyi və Rusiyanın İstanbuldakı nümayəndələri çıxış ediblər.
"Ukrayna ilə danışıqların praktiki müstəviyə keçməsi ilə əlaqədar olaraq Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyin əhəmiyyətli dərəcədə azaldılması barədə qərar qəbul edilib", - Rusiya Müdafiə Nazirliyi qısa məlumat yayıb.
Bu barədə daha ətraflı açıqlamanı Rusiya müdafiə nazirinin müavini Fomin İstanbulda Ukrayna tərəfi ilə danışıqların yekunlarına dair çıxışı zamanı verib.
“Bu gün müzakirə olunan prinsipləri nəzərə alaraq, Rusiya Müdafiə Nazirliyi qarşılıqlı etimadı artırmaq, gələcək danışıqlar üçün lazımi şərait yaratmaq və son məqsədə - sazişin razılaşdırılması və imzalanmasına nail olmaq üçün Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyi azaldıb”, - Fominin şərhində deyilir.
Onun sözlərinə görə, Moskvanın bu addımı Kiyevə gələcək həll yolları üzərində işləməyə imkan verəcək.
Rusiya nümayəndə heyəti Moskvaya qayıtdıqdan sonra daha ətraflı məlumat verəcəyini vəd edib.
Xatırladaq ki, rus qoşunlarının Çerniqov və Kiyev vilayətlərindən çıxarılması daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən təsdiqlənmişdi.
Lakin Ukrayna tərəfi bu addımın əsl səbəbinin danışıqlarla bağlı deyil, geri çəkilmənin böyük itkilərə görə olduğunu bildirib.