Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda keçirdiyi mətbuat konfransında Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqinin açıqlamasına münasibət bildirib.
Modern.az-ın məlumatına görə, səfir qeyd edib ki, deputatın Azərbaycanla bağlı açıqlması tam əsasızdır.
“Rusiyanın Azərbaycanla əlaqələri öz axarında davam edir. İki ölkə arasında münasibətlərə xələl vurmaq yolverilməzdir. Deputatın çıxışı rəsmi Moskvanın mövqeyi deyil”,- səfir deyib.
Qeyd edək ki, Rusiya Dövlət Dumasının iqtisadi siyasət Komitəsinin sədr müavini Mixal Delyaqin martın 28-də Rusiyanın “Rossiya1” və “Pervıy” federal kanallarında yayımlanan “60 dəqiqə” və “Vremya pokajet” tok şousunda Azərbaycanın ərazi bütövlüyünə, ümumilikdə dövlətçiliyimizə qarşı açıq təxribata yol verib, dövlətimizin ünvanına təhdidlər səsləndirilib.
Rusiyalı deputat Azərbaycanı Rusiya üçün təhdid adlandıraraq ölkəmizin neft sənayesini məhv etməyə çağırış edib.