Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Ağcabədi rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüş keçirib.
Modern.az xəbər verir ki, Ağcabədi rayonundakı Ümid qəsəbəsində keçirilən qəbulda çıxış edən Alı Alıyev ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən respublikanın müxtəlif şəhər və rayonlarında yaşayan məcburi köçkünlərlə bu cür görüşlərin mütəmadi olacağını bildirib. Alı Alıyev qeyd edib ki, Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərilməsi, onların problemlərinin yerində həll olunması barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır.
Səyyar qəbulda Ağcabədi rayonunda məskunlaşmış rayon sakinlərinin ayrı-ayrı sahələrə dair müraciətləri dinlənilib. Füzulili məcburi köçkünlər “məcburi köçkün vəsiqəsi” almaq üçün tələb olunan arayışın Rayon İcra Hakimiyyəti tərəfindən onlayn qaydada verilməsini xahiş ediblər. Alı Alıyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncam və tapşırıqlarına əsasən, dövlət orqanlarında (o cümlədən yerli icra hakimiyyəti orqanlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması, mərkəzləşdirilmiş elektron sənəd dövriyyəsi sisteminə inteqrasiya, o cümlədən Rəqəmsal İcra Hakimiyyəti elektron sisteminin tətbiqinə başlanılır. Yaxın vaxtlarda vətəndaşlar vaxt itirmədən qısa müddət ərzində bir sıra sənədləri onlayn qaydada əldə edə biləcəklər.
Ağcabədi rayonunda məskunlaşan füzulili məcburi köçkünlər işğaldan azad olunmuş öz doğma torpaqlarına tez bir zamanda köçürülmələrini xahiş ediblər.
Səyyar qəbul zamanı çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.