Ermənistan ATƏT-in Minsk qrupu vasitəsilə Azərbaycanın sülh sazişinin bağlanmasına dair beş bəndlik təklifinə cavab verib.
Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Martın 10-da Azərbaycan Ermənistana beş bəndlik təklif təqdim edib, martın 14-də biz yazılı şəkildə Minsk qrupu vasitəsilə cavab verdik”, - baş nazir bildirib.
N.Paşinyan, həmçinin aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşəcəyini diqqətə çatdırıb.
Xatırladaq ki, rəsmi Bakı Ermənistana 5 bəndlik sülh təklifi irəli sürüb. Azərbaycan XİN-in İrəvana göndərdiyi sülh təklifləri aşağıdakılardan ibarətdir:
1. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
2. Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
3. Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.