Bu gün bütün dünyada təhlükəsizlik və sabitlik amili ön planda dayanır. Azərbaycanın regionun gələcəyi, həmçinin Ermənistanla münasibətlərin perspektivini müəyyən edəcək istiqamətlərlə bağlı mövqeyi kifayət qədər aydındır və bu yanaşma bütün dünyada dövlətlərarası münasibətlərin əsasını təşkil edən hüquqi mexanizmlərdən qaynaqlanır.
Bu sözləri Modern.az saytına açıqlamasında Azərbaycan Prezidentinin ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbulu zamanı səsləndirdiyi fikirləri şərh edən millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycanın Ermənistana beş prinsip təqdim edib və bu prinsiplərin hər biri ayrı-ayrılıqda BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının, eləcə də dövlətlərarası münasibətlərin hüquqi mexanizmlərini tənzimləyən digər beynəlxalq hüquqi statusa malik olan sənədlərin norma və prinsiplərini ifadə edir: “Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan yenidən velosiped ixtira etmir. Təklif olunan beş prinsip beynəlxalq hüququn normalarını, yaxşı beynəlxalq davranışı əks etdirir. Bütün bu prinsiplər istənilən ölkələr arasında dövlətlərarası münasibətlərin təməl prinsipləridir. Davamlı sülhün əldə olunması, iqtisadi, siyasi və diplomatik əlaqələrin qurulması üçün, ilk növbədə qarşılıqlı olaraq, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı tanınmalı, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə uyğun olaraq, delimitasiya və demarkasiya işləri aparılmalıdır. Bütün bunlar həyata keçirildikdən sonra isə, şübhəsiz ki, bölgədə sabitliyin pozulmazına zəmin yarada biləcək ziddiyyətlər də aradan qalxacaq, Cənubi Qafqazda yeni əməkdaşlıq imkanları yaranacaqdır”.
Azər Kərimli qeyd edib ki, Ermənistan tərəfindən verilən mesajlar Avropa İttifaqı Şurası Prezidentinin təşkilatçılığıyla Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilməsi nəzərdə tutulan görüşün nəticəyönlü ola biləcəyinə müəyyən ümidlər yaradır: “Bu gün həm regionda, həm də dünyada təhlükəsizlik və sabitlik amili ön planda dayanır. Azərbaycanın beynəlxalq hüquqa söykənən təklifləri əsasında sülh müqaviləsinin imzalanması isə, mahiyyət etibarilə bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunması, kommunikasiyaların bərpası, yeni layihələrin işə salanması, iqtisadi əlaqələrin qurulması və dinamik inkişafı deməkdir. Bu isə bütün bölgə dövlətlərinin, o cümlədən hazırda ciddi sosial-iqtisadi problemlərin yaşandığı Ermənistanın maraqlarına xidmət edir”.