Azərbaycan minalardan ən çox zərər çəkən ölkələrdən biridir.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva humanitar minatəmizləmə fəaliyyəti mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Azərbaycanda mina problemi qonşu Ermənistanın 30 il işğal altında saxladığı torpaqlarda bir hərbi səbəb olmadan minalar yerləşdirməsinə görə baş verib.
XİN rəsmisi bildirib ki, Azərbaycan humanitar minatəmizlənməsinə böyük vəsait ayırıb:
"Humanitar minatəmizləmə quruculuq üçün mühüm hissədir. Yüz minlərlə məcburi köçkün öz evlərinə qayıtmağı səbirsizliklə gözləyir. Bu ərazilər təmizlənməlidir ki, insanlar təhlükəsiz evlərinə qayıtsın. Bu proses həm də regionda dayanıqlı inkişafa dəstək verəcək. Ağdam rayonuna səfərinizdə öz gözünüzlə gördünüz ki, bizim üzləşdiyimiz bu problem nə dərəcədə böyükdür”.
Onun sözlərinə görə, üçtərəfli bəyanatın imzalanmasından sonra təkcə 200-dən çox insan minaların qurbanı olub, onlar arasında mülki şəxslər də var.
XİN rəsmisi bildirib ki, Azərbaycan minalardan çox əziyyət çəksə də, ən az yardım alan ölkədir.